BAKI, 20 may. TELEQRAF
Qlobal Cənub QHT Platforması inkişaf etməkdə olan ölkələrin səsinin beynəlxalq səviyyədə daha güclü eşidilməsinə töhfə verəcək.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycanın Cənub-Cənub və üçtərəfli əməkdaşlıq sahəsində təşəbbüsləri mühüm əhəmiyyət daşıyır və yeni platforma Qlobal Cənub ölkələrinin qeyri-hökumət təşkilatlarını bir araya gətirəcək:
“Platforma ən az inkişaf etmiş ölkələr, kiçik ada dövlətləri, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli dövlətlərin maraqlarının müdafiəsinə dəstək olacaq”.
UNOSSC rəsmisi əlavə edib ki, platformaya qoşulan təşkilatlar avtomatik olaraq Qlobal Alyansın tərəfdaşına çevrilirlər və gələcəkdə BMT ilə əməkdaşlıq daha da genişlənəcək.