BAKI, 20 may. TELEQRAF
“1991-ci ildən əvvəl Azərbaycan Sovet İttifaqının tərkibində idi. Həmin dövrdə də qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondular mövcud idi. Amma onlar heç vaxt dövlət siyasətinin predmeti kimi qəbul edilmirdi".
Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi” sessiyasında bildirib.
O qeyd edib ki, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə bir neçə çağırışla üzləşdi.
"Azərbaycan torpaqlarının işğalı nəticəsində yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Əslində isə axın 1988-ci ildə başlamışdı.
1994-cü ildə Azərbaycan iqtisadiyyatı 1991-ci ildəki Azərbaycan iqtisadiyyatının üçdə birini təşkil edirdi. Təbii ki, bu da əlavə təzyiqə səbəb oldu. Sonuncu, lakin eyni dərəcədə əhəmiyyətli məqam isə odur ki, növbəti onillikdə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan məcburi sosial miqrasiya prosesləri də ümumi mənzərəyə əlavə olundu.
Növbəti on il ərzində ölkədə həm sosial miqrasiya, həm də ciddi iqtisadi çətinliklər yaşandı. O dövrdə Azərbaycanda hər səkkiz nəfərdən biri ya qaçqın, ya da məcburi köçkün idi", - o, bildirib.