BAKI, 19 may. TELEQRAF
“Mərhələli və əlçatan mənzil tikintisini dəstəkləyən hüquqi çərçivələrə ehtiyac var. Bu yanaşma həm sakinlər üçün əlçatanlığı təmin etməli, həm də daha dayanıqlı və təhlükəsiz tikililərin yaranmasına şərait yaratmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Niderlandın Mənzil və Şəhər İnkişafı Araşdırmaları İnstitutunun baş direktoru David Dodman WUF13 çərçivəsində “Dünya Şəhərləri Hesabatı 2026” sessiyasında deyib.
O vurğulayıb ki, insanları tikinti aparmağa və mövcud binaları yeniləməyə təşviq edən maliyyə mexanizmləri olmalıdır:
“İlk olaraq BMT-nin UN Habitat komandası bu hesabatın hazırlanması üçün çox böyük iş görüb. Dünya Şəhərləri Hesabatlarının hazırlanması ciddi əmək tələb edən prosesdir. Müəlliflər və redaksiya heyəti birlikdə işləyərkən bu proses heç də mübahisəsiz keçməyib.
Hesabatdan çıxan əsas nəticələrdən biri odur ki, mənzil böhranının vahid həlli yoxdur. Bu məsələ müxtəlif sektorların iştirakı və əməkdaşlığı ilə həll oluna bilər. İqlim, infrastruktur, təhsil, səhiyyə, şəhər iqtisadiyyatı kimi sahələr bir-biri ilə əlaqələndirilməlidir. Mənzil məsələsi bütün bu istiqamətləri bir araya gətirən əsas mövzulardan biridir və şəhərlərin inkişafına birbaşa təsir göstərir”,- baş direktor vurğulayıb.