BAKI, 18 may. TELEQRAF

“Türkiyə Azərbaycan əlaqələrini gücləndirmək üçün bütün gücümüzlə çalışırıq. Dünya şəhərsalma forumu bu baxımdan mühüm platformadır. Burada ikitərəfli görüşlər vasitəsilə qonaqlarla əlaqələri daha da möhkəmləndirmək üçün işlər aparırıq. Binalarda enerji səmərəliliyi ilə bağlı müvafiq müqavilələr imzalanıb, bir sıra ikitərəfli görüşlər keçirilib, Səudiyyə Ərəbistanının naziri ilə də görüşümüz oldu”.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, davamlı şəhərlər mövzusu COP31 çərçivəsində də geniş müzakirə olunacaq: "Türkiyə olaraq biz bölgədə iki güclü dövlət kimi Azərbaycanla əməkdaşlığa böyük önəm veririk. Prezident Rəcəb Tayyib Ərdoğanın da Azərbaycan xalqına hörmət və salamlarını çatdırıram.

COP31-ə təxminən 100 min qonağın gəlməsi gözlənilir. Biz getdiyimiz hər yerdə dayanıqlı və davamlı şəhər konsepsiyasını izah edirik və bu mövzu COP31-də də əsas gündəm olacaq. Bu forumda əldə olunan nəticələr Antalya şəhərində keçiriləcək COP31-ə də töhfə verəcək”.