Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Liderlər Sammitində çıxış edən Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi Çjan Qotsin ölkəsinin urbanizasiya nailiyyətlərini bölüşərək qlobal əməkdaşlıq üçün yeni təşəbbüslər təqdim edib.

Teleqraf xəbər verir ki, Çjan Qotsin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda bu təkliflə çıxış edib.

Çin rəhbərinin təbriklərini iştirakçılara çatdıran rəsmi qonaq öz ölkəsində şəhər əhalisinin sayının 950 milyon nəfərə çatdığını, adambaşına düşən yaşayış sahəsinin isə 40 kvadratmetri keçdiyini diqqətə çatdırıb.

Gələcəyin dayanıqlı yaşayış məntəqələrinin qurulması istiqamətində dörd əsas istiqamət irəli sürən xüsusi nümayəndə bildirib ki, ilk növbədə insanların müxtəlif ehtiyaclarına cavab verən rahat, ekoloji və intellektual evlərin inşası genişləndirilməli, sosial xidmət standartları yüksəldilməlidir.

Çjan Qotsin beynəlxalq miqyasda UN-Habitat başda olmaqla qlobal qurumların rolunun artırılmasının və müştərək çağırışlara qarşı birgə layihələrin icra edilməsinin vacibliyini vurğulayıb.

Çinin şəhərsalma sahəsində qlobal inkişaf və təhlükəsizlik təşəbbüslərini tam dəstəklədiyini bildirən xüsusi nümayəndə, çıxışının sonunda bu mötəbər forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycana dərin minnətdarlığını ifadə edib.