BAKI, 18 may. TELEQRAF
Gürcüstanın son illərdəki ən mühüm nailiyyətlərindən biri milli kadastr sisteminin tamamlanması və ölkə üzrə bütün torpaq sahələrinin tam qeydiyyatıdır.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlərin Sammiti zamanı bildirib.
O qeyd edib ki, bu islahat hüquqi müəyyənliyi gücləndirib, torpaq idarəçiliyini təkmilləşdirib və iqtisadi fəaliyyət üçün daha şəffaf baza yaradıb:
“Eyni zamanda, sovet dövründə ayrılmış yaşayış sahələrinin özəlləşdirilməsi prosesi də tamamlanıb. Bu mənzillərin tam şəkildə şəxsi mülkiyyətə verilməsi şəhər sabitliyi və fərdi mülkiyyət hüquqları üçün dayanıqlı çərçivə formalaşdırıb.
Şəhər və mənzil siyasətimizin mərkəzində insanların rifahı dayanır. Onilliklər ərzində Gürcüstan işğal olunmuş ərazilərdən məcburi köçkünlərin mənzil və sosial ehtiyaclarını qarşılamağa davam edir. Biz onlar üçün yeni yaşayış məntəqələri salır və mənzil təminatı həyata keçiririk. Siyasətimiz həmçinin gənc ailələrə, ekomiqrantlara və dağlıq region sakinlərinə dəstək verməyə yönəlib. Hədəfimiz mənzil əlçatanlığını artırmaq və bütün regionlarda bərabər inkişaf imkanları yaratmaqdır.
İnklüziv və balanslı siyasət vasitəsilə biz yerli icmaları gücləndirməyi, şəhər və kənd arasındakı fərqləri azaltmağı və uzunmüddətli dayanıqlı inkişaf üçün şərait yaratmağı hədəfləyirik.
Gürcüstan Dayanıqlı İnkişaf Məqsədlərinə və Yeni Şəhər Gündəliyinə sadiq qalır. Biz təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış məskənlərinin inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığımızı daha da gücləndirməyə hazırıq — həm indiki, həm də gələcək nəsillər üçün”.