BAKI, 19 noyabr. TELEQRAF

İspaniyadan gətirilən qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Pannamore” MMC-nin İspaniyadan idxal etdiyi, “FraNui Espana S.l.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 293,4 kq “Franui Pink” əmtəə nişanlı dondurulmuş şokoladlı meyvə məhsulundan (istehsal və son istifadə tarixi:24.07.2026−31.07.2028, partiya nömrəsi: L26205) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

"Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb. İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib", - məlumatda qeyd olunub.