BAKI, 10 oktyabr. TELEQRAF

"Bakıda keçirilən interaktiv sorğu zamanı bəzi vətəndaşların yanğın təhlükəsizliyi qaydaları ilə bağlı verdiyi cavablar qənaətbəxş olmayıb".

Teleqraf.az xəbər verir ki, bu barədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti rəisinin müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı, Bakı Metropoliteni və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müvafiq müəssisəsinin dəstəyi ilə əhali arasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbiri keçirilib. Tədbirin əsas məqsədi vətəndaşlarımızın yanğın təhlükəsizliyi qaydaları ilə bağlı biliklərini artırmaq, o cümlədən yanğın zamanı davranış qaydaları ilə bağlı vərdişləri onlara aşılamaq olub:

“Apardığımız qiymətləndirmə işi çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin cəmiyyətdə insanların bilik və bacarıq səviyyəsinə necə təsir göstərdiyi də qiymətləndirilib.

Nəticələr göstərib ki, vətəndaşlarımızın bir hissəsi yanğın təhlükəsizliyi sahəsində müəyyən dərəcədə zəruri biliklərə və yanğın zamanı davranış qaydaları ilə bağlı vərdişlərə sahib olsa da, interaktiv sorğu zamanı bəzi vətəndaşlarımızın verdiyi cavablar qənaətbəxş olmayıb.

Düşünürük ki, bu cür kommunikasiya qurulmaqla və vətəndaşlar arasında maarifləndirmə tədbirləri keçirilməklə gələcəkdə cəmiyyətin daha çox üzvünün yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı məlumatlı olmasına töhfə veriləcək. Bu bilik və vərdişlər hadisələr zamanı təhlükənin vaxtında müəyyənləşdirilməsinə, hadisələrin qarşısının alınmasına və zəruri hallarda vaxtında məlumat verilməsinə kömək edə bilər”, - Cəmil Xudiyev vurğulayıb.