BAKI, 9 oktyabr. TELEQRAF

"Bu cür fəaliyyətlər və təşəbbüslər əməkdaşlığı, qanunun aliliyini, beynəlxalq hüququ və bütün dünyadakı hüquqşünaslar arasında əməkdaşlığı təşviq etmək üçün vacibdir".

Teleqraf xəbər verir ki, bunu EYBA-nın vitse-prezidenti Federiko Kamurati Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı "EYBA Autumn Conference 2026" tədbirində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunu Bakıda etmək, həm geosiyasi, həm də tarixi baxımdan dünyadakı əhəmiyyətinə görə çox vacibdir.

"Milli maraqların üstünlük təşkil etdiyi bu xüsusi tarixi məqamda körpülər qurmalıyıq", - o vurğulayıb.

EYBA-nın vitse-prezidenti əlavə edib ki, süni intellekt sistemlərinə nəzarət edərkən vəkillər olaraq məsuliyyətli olmaq vacibdir: "Risklərin qarşısını almaq üçün əlimizdə olan hər bir texniki aləti tətbiq etməliyik. Risk var, amma bu, məsuliyyətlə birlikdə gəlir".

O, bəzi vəkillərin sənədləri süni intellektə yüklənməsinə də münasibət bildirib: "Bu, şəffaflıq məsələsidir. Əgər müştəri vəkilin süni intellekt alətlərindən istifadə etdiyindən xəbərdardırsa, bu normaldır. İstifadə zamanı, xüsusən də məxfilik nöqteyi-nəzərindən diqqətli olmaq lazımdır. Müştərinizin məfilliyini qoruyan sistemlər tətbiq etməlisiniz. Bu, "ChatGPT" kimi açıq sistemlər deyil, öz hüquq firmasının daxili sistemində tətbiq olunan bir sistem olmalıdır. Qaydalara baxmalı və müştərinizin hüquqlarının qorunmasına zəmanət verən texniki mütəxəssislərdən dəstək almalısınız".

O, vəkillərinin işlərinin süni intellekt tərəfindən görülməsi ilə bağlı faiz göstəricisinin artdığını qeyd edib: "Mən məhkəmə çəkişmələri ilə məşğul oluram. Məsələn, iddia ərizəsi və ya müdafiə çıxışı hazırlamaq lazımdırsa, bu, 5 dəqiqəyə hazır olur. Bu yaxşıdır, normaldır. Lakin vacib olan strategiya və qərar qəbuletmə prosesi maşının deyil, hələ də vəkilin öhdəliyində olmasıdır".