BAKI, 7 oktyabr. TELEQRAF
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi ilə formalaşan ölkələrimiz arasındakı dostluq xalqlarımızın qardaşlığını möhkəmləndirməklə yanaşı, gələcək nəsillərə də gözəl nümunədir.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Ailə və Sosial Xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu “Bakı Dialoqu” çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın panel sessiyasında deyib.
O, Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarında bu günə qədər atılan müsbət addımları alqışladıqlarını vurğulayıb.
"Cənubi Qafqazda bərqərar ediləcək davamlı sülhün regionun sabitliyinə və rifahına mühüm töhfələr verəcəyinə inanırıq. Sülh və normallaşma proseslərində irəliləyiş əldə edilərkən, keçmişdə yaşanmış münaqişələrin geridə qoyduğu humanitar nəticələrin də nəzərdən keçirilməsinin böyük əhəmiyyət daşıdığını düşünürük. Davamlı sülhün bərqərar edilməsi yalnız gələcəyə yönəlmiş siyasi tənzimləmələrin yaradılması ilə təmin edilə bilməz. Keçmişin geridə qoyduğu humanitar məsələlərin də mümkün qədər həll olunması böyük əhəmiyyət daşıyır.
Bu baxımdan, bu gün burada itkin şəxslər məsələsini müzakirə etməyimiz həmçinin çox böyük məna kəsb edir. Çünki itkin şəxslər məsələsi yalnız keçmişdə baş vermiş bir hadisənin aydınlaşdırılması məsələsi deyil. Hər bir itkin şəxsin arxasında illərlə davam edən qeyri-müəyyənlik və yaxınlarından xəbər gözləyən ailələr dayanır.
İtkin şəxslərin taleyinin aydınlaşdırılması ilk növbədə bu ailələrin qeyri-müəyyənliyinə son qoymaq baxımından hamınızın üzərinə düşən humanitar məsuliyyətdir. Bununla yanaşı, bu istiqamətdə atılacaq addımların cəmiyyətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə və davamlı sülh üçün ictimai əsasların möhkəmləndirilməsinə də töhfə verəcəyi bir həqiqətdir".
Onun sözlərinə görə, Türkiyə olaraq bizlər itkin şəxslər məsələsinin bu humanitar tərəfini öz təcrübələrimizdən də bilirik:
"Kiprdə 1963-cü ildən bəri davam edən itkin şəxslər məsələsinin həlli məqsədilə Kipr İtkin Şəxslər Komitəsi çərçivəsində uzun illərdir fəaliyyətimizi davam etdiririk.
Bu proses bizə geridə qalanların yaşadığı qeyri-müəyyənliyə son qoymağın nə qədər vacib olduğunu və bu cür həssas məsələlərin səbir, dəqiqlik və qətiyyətlə idarə olunmasının vacibliyini açıq şəkildə göstərib".