BAKI, 5 oktyabr. TELEQRAF
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavinləri, rayon təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və video-çarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Adil Əliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir: "Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlət başçımızın bu sahəyə olan böyük diqqətinin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir".
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara pedaqoji fəaliyyətlərində və Rayon İcra Hakimiyyəti ilə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsində uğurlar arzulayıb.
Həmçinin, C.Rəhimov adına 146 №-li tam orta ümumtəhsil məktəbinin direktoru Qasım Qasımov, A.Muradov adına 84 №-li tam orta ümumtəhsil məktəbinin direktoru Röya İslamova, Qasım Qasımov adına körpələr evi-uşaq bağçasının müdiri Saraxanım Süleymanova, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Suraxanı filialının direktoru Təranə Aslanova çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bu sahədə çalışanlara göstərilən yüksək dövlət qayğısının əyani təzahürü olduğunu və yaradılan bu şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.