BAKI, 24 sentyabr. TELEQRAF

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirir ki, havaların isinməsinə səbəb olan El-Nino təbiət hadisəsi bu ilin sonuna kimi çox güclənəcək. Bu istiləşmə 2027-ci ilin fevral ayına qədər davam edəcək.

Bu güclü hadisə yağıntı və temperatur rejimlərinə ciddi təsir göstərəcək, daşqın, quraqlıq və anomal isti hava risklərini artıracaq.

ÜMT-nin Baş katibi Celeste Saulo El-Ninonun dünya üzrə icmalara və iqtisadiyyatlara ciddi zərbə vurmaq potensialına malik olduğunu bildirib. O qeyd edib ki, quraqlıq və daşqınların yaratdığı fəsadlar və dağıntılar artıq müşahidə olunur.

Bəs görəsən, bu iqlim hadisəsinin ölkəmizə və onun iqtisadiyyatına hansı təsirləri ola bilər? Təsirlərin, risklərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Teleqraf-a danışan deputat Azər Badamov bildirib ki, Cənubi Qafqazın iqliminə Sakit okean hövzəsində baş verən iqlim dəyişikliklərinin birbaşa təsirini müəyyən etmək çətindir.

Onun sözlərinə görə, regionun iqliminə Aralıq dənizi, Qara dəniz və Atlantik okeanından gələn hava axınları təsir göstərir.

“Bu baxımdan, El-Nino iqlim hadisəsinin ölkəmizin hava şəraitinə necə təsir edəcəyini dəqiq demək asan deyil. Amma nəzərə almalıyıq ki, Yer kürəsində yaşayırıq və dünyanın hər hansı bir nöqtəsində baş verən iqlim hadisəsi ümumi dünya iqlimindən təcrid olunmur. Qlobal istiləşmənin qarşısının alınması və mövcud iqlim sisteminin qorunması üçün ilk növbədə dünyada gündən-günə genişlənən müharibələrə son qoyulmalıdır”.

Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov isə bildirib ki, Sakit okeanın mərkəzi hissəsi ilə onun şərq hissəsi, yəni Cənubi Amerikanın sahilləri arasında suyun temperaturu və atmosfer təzyiqi fərqində ciddi dəyişiklik yaşanmaqdadır.

“Okean suyunun getdikcə istiləşməsi və bu istiliyin atmosferə ötürülməsi nəticəsində ümumi qlobal temperatur artır. Bu da müxtəlif ərazilərdə fərqli təzahür etdir. Yəni, bəzi yerlərdə yay anomal isti keçdiyi halda, digər bölgələrdə nəzərəçarpacaq dəyişikliklər baş vermir.

Bu dəyişiklik yağıntı rejiminə də aiddir. El-Ninonun güclənməsi ilə bəzi ərazilərdə yağıntılar həddindən artıq çox olur. Lokal yağıntılar qısa müddət ərzində çox intensiv yağıntıların yağmasına səbəb olur. Bu da daşqınlara və sel hadisələrinə, əlaqədar neqativ hadisələrin baş verməsi ilə nəticələnir”, - o vurğulayıb.

S.Səfərovun sözlərinə görə, yay aylarında Azərbaycanda El-Ninonun təsiri temperatur baxımından kəskin hiss olunmayıb:

“Bəzi ongünlüklərdə havanın temperaturu artsa da, növbəti günlərdə yenidən eniş müşahidə olundu. Temperatur dəyişmələrində nəzərəçarpacaq artım olmasa da, yağıntı rejimində kəskin dəyişikliklər baş verdi. Xüsusilə yazın əvvəli və ortalarında, eləcə də yayın ayrı-ayrı günlərində lokal yağıntılar sel və daşqınlara səbəb oldu. Məsələn, bu tendensiyanı mart ayının sonu, aprelin əvvəlində Bakıda, sonrakı aylarda Zaqatalada böyük maddi itkilərə yol açan güclü sel hadisələrində gördük”.

O, bu iqlim prosesinin 2027-ci ilin fevralına qədər davam edəcəyini bildirib:

“Mövcud tendensiya onu göstərir ki, payız fəsli ortamala normadan bir qədər isti, qış isə mülayim keçəcək. Təbii ki, ayrı-ayrı günlərdə temperaturun kəskin düşməsi və qar yağması istisna deyil. Lakin ümumi mənzərə bu proqnozu söyləməyə əsas verir. Amma aralıqda baş verən digər amillərin güclənməsi və ya zəifləməsi ilə bağlı olaraq bu dediyimiz proqnozların nəticəsi bir qədər fərqli də ola bilər”.

Dünyada bu risklərin qarşısını almaq üçün yaşıl enerjiyə keçid və su ehtiyatlarının qənaətlə istifadəsi təklif olunsa da, yerli mütəxəssislər hələ ki, prosesin monitorinqini aparmaqla kifayətlənirlər.