BAKI, 25 iyun. TELEQRAF

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyurlar. Bütün bunlar beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Azərbaycana qarşı ədalətsiz mövqe tutan Avropa Şurası Parlament Assambleyası da (AŞPA) erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin əlində alət olduğu üçün Avropa dəyərlərini tapdalayır. Görünən odur ki, təşkilat ölkəmizə qarşı qərəzini hələ də davam etdirməkdə qərarlıdır. İyunun 24-də AŞPA-nın sessiyasında qəbul olunmuş növbəti qətnamə də bunun göstəricisidir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, demokratiya, insan haqları, söz azadlığı, “siyasi məhbus” və s. kimi məsələlər təşkilatın Azərbaycana qarşı “ənənəvi” təzyiq vasitəsdir. Avropa Şurasının fəaliyyətində insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi qaçqın-köçkün problemi ilə əlaqədar qurumdan ədalətli yanaşma görməyib. AŞPA Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir addım atmayıb. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

AŞPA nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlara qərəzli qətnamələr qəbul edib. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir.

Millət vəkilinin fikrincə, AŞPA islamofob və türkəfob təfəkkürlü nümayəndələrin düşərgəsidir. Bunu sübut edən faktlardan biri də 2024-cü il qış sessiyasında AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsidir. Bu təşəbbüsü Almaniyanı təmsil edən deputat Frank Şvabe irəli sürmüşdü. Frank Şvabe təşəbbüsü irəli sürərkən Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən çox “narahat” görünürdü. Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb.

Şvabe iyunun 24-də Azərbaycana qarşı növbəti qərəzli qətnamənin müzakirəsi zamanı da ölkəmizlə bağlı yalan və böhtanlar “püskürüb”. O, çıxışında guya hakimiyyətin müxalifətə, mediaya təzyiq göstərdiyini, kimlərinsə siyasi mövqeyinə görə həbs edildiyini iddia edib. Lakin bu birmənalıdır ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdəki azad söz hüququ, azad siyasi fəaliyyət hüququ ən yüksək səviyyədə təmin edilir. Ayrı-ayrı qrupların marağında olan şəxslərin konkret ittihamlar üzrə daşıdıqları məsuliyyətə gəldikdə isə, bu, dünyanın hər yerində eyni prinsiplə tənzimlənir - Şvabenin də ölkəsində qanunu pozan şəxslər qanun qarşısında cavab verir.

Samir Vəliyevin fikrincə, bu tip kampaniyanın məlum motivlə aparılması isə təəccüblü deyil. AŞPA dəstəklədiyi şəbəkənin (Abzas Media, Toplum TV və s.) ifşasından sonra belə iddiaları ortaya qoymaqla özünü ifşa edir: “Azərbaycanda hüquqi əsasla məsuliyyətə cəlb edilənləri qondarma adla çağıran Avropa Şurası nədənsə Ermənistandakı əsl söz azadlığı pozuntusunu görməzdən gəlir. Ermənistanda baş verən hadisələrlə bağlı Qərb institutları susur. Məsələn, 2019-cu ildə Ermənistan həbsxanasında müxalifyönlü jurnalist M.Yegiazaryan aclıq aksiya keçirərək ölüb. Digər bir müxalif siyasətçi Armen Qriqoryan isə 2022-ci ilin 15 iyulunda elə məhkəmə zalında ölmüşdü. Niyə Şvabe bir dəfə də olsun Ermənistanda olan bu problemlər haqda danışmayıb? Demək ki, Şvabenin irəli sürdüyü bu “fikirlər” əsassız olduğu qədər də qərəzlidir. Erməni lobbisinin proyeksiyasına çevrilmiş Şvabe bu kimi iddialarla həm özünü, həm də xidmət etdiyi dairələri ifşa edir”.

Deputat qeyd edib ki, Şvabenin “həyat və fəaliyyətinə” diqqət yetirəndə onun kimlərə xidmət etdiyi aydın görünür. O, illərlə erməni lobbisinin təsiri altında Qarabağ ermənilərinin “hüquqları” barədə danışıb. Amma bir dəfə də olsun Qarabağdakı qondarma rejimin və işğalçı Ermənistanın törətdiyi dağıntılardan bəhs etməyib. Şvabe həyatında bir dəfə də olsun Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüquqlarının 30 il ərzində tapdanması haqda bir söz deməyib. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir. Şvabenin anti-Azərbaycan fəaliyyətinə nəzər saldıqda onun qatı ermənipərəst marağa xidmət etməsi bütün ştrixləri ilə açılır. Şvabe Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin (“AmAbgrund”) hazırlanmasında da yaxından iştirak edib.

Millət vəkili qeyd edib ki, əslində, həmin ermənipərəst dairələr və onların əlaltıları bu cür primitiv yolla ölkəmiz haqqında mənfi imic yaratmağın mümkünsüzlüyünü özləri də dərk edirlər. Şərqlə-Qərbin qovşağı olan Azərbaycan bu gün dünya üçün hüquq və azadlıqların qorunması, tolerantlığın inkişafı baxımından real nümunədir. Görülən işlərə, aparılan islahatlara don geyindirməyə, onları ləkələməyə çalışanlar isə bununla özlərini biabır etməkdən başqa iş görmürlər. Azərbaycan ictimaiyyəti Şvabe kimi siyasilərin sifarişli “hücumlarına” uzun müddətdir şahidlik edib, artıq xalıqımızda bu kimi əsassız hücumlara qarşı immunitet yaranıb.

“Azərbaycan güclü dövlətdir və heç qüvvə ölkəmizlə diqtə ilə danışa bilməz. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, dialoqa açıqlığımızı nümayiş etdirmişik. Lakin buna baxmayaraq, təşkilatın ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə xalqımızın haqlı etirazını qazanıb. Azərbaycanla heç bir beynəlxalq təşkilat hökmlə danışa bilməz. Əslində, ikili standartları ilə AŞPA kimi təşkilatlar özlərini dünyada nüfuzdan salırlar. Əgər təşkilat imicini bərpa etmək istəyirsə, beynəlxalq hüquqa uyğun fəaliyyət göstərməli, o cümlədən Azərbaycana qarşı etdiyi səhvləri düzəltməlidir. Nəzərə almaq lazımdır ki, Avropa Şurasının özü dərin böhran içərisindədir. Böhrandan çıxış yolu isə səhvləri etiraf edərək ədalətli mövqe sərgiləməkdir”-deyə Samir Vəliyev vurğulayıb.