BAKI, 17 iyun. TELEQRAF
Ötənlərdə 1990-cı illərin əvvəllərində çıxmış mətbuatımızı araşdırarkən maraqlı bir məlumata rast gəldim. Belə ki, “İlham” qəzetinin 19 yanvar 1991-ci il tarixli 11-ci sayında “Keçmiş yüz tələbədən biri Qahirədə yaşayırdı” başlıqlı bir xatirə dərc olunmuşdu. Allahverdi Mehdi adlı müəllif yazısında Azərbaycan radiosunun ərəb verilişləri baş redaksiyasının diktoru Ramiz Bağırovun aşağıdakı xatirəsini vermişdi:
“1972-ci ilin axırları idi. Misir Ərəb Respublikasında tərcüməçi işləyirdim. Qahirədə yaşayırdım. Bir gün Misir paytaxtının məşhur Əz-Zəmalik məhəlləsindəki ikimərtəbəli böyük universal mağazaya girdim. Lazımi malları götürüb pulunu ödəmək üçün kassaya yaxınlaşdım. Məndən əvvəl bir neçə adam vardı. Müştərilərin pulunu alıb sayan kassirin (yaşı 70-dən çox olardı) sifəti diqqətimi cəlb etdi. İstər-istəməz onun hərəkətlərinə fikir verdim. Nə görsəm yaxşıdır?! Kassir pulları rusca sayırdı. Növbəm çatanda malların pulunu ödəyib qocaya dedim ki, ona sözüm var. Divarın dibindəki kürsüləri göstərib dedi ki, otur orada, bu saat gəlirəm. Bir azdan sonra qayıtdı və nə istədiyimi soruşdu. Sual verdim ki, rus dilini harda öyrənmisən? (Söhbətimiz ərəb dilində gedirdi). Dedi ki, necə yəni mən ki rusam! (Xarici ölkələrdə Sovet İttifaqını Rusiya, sovet adamlarını isə rus kimi tanıyırlar). Ürəklənib rusca soruşdum:
— Rusiyanın harasındansan?
— Bakılıyam, azərbaycanlıyam, — dedi.
Elə bu söz ağzımdan çıxmışdı ki, qoca səlis Azərbaycan dilində məndən hal-əhval soruşmağa başladı. Çaşıb qalmışdım. Handan-hana özümə gəlib qocadan soruşdum ki, uzaq Azərbaycandan bura necə gəlib düşmüsən? Köks ötürüb yaşına uyğun təmkinlə danışmağa başladı:
— Bala, mən əslən İçərişəhərdənəm. Familim Seyidəliyevdir. Biz yüz nəfər cavan idik. 1919-cu ildə milli hökumətimiz bizi Avropaya oxumağa göndərdi. Mən Berlinə düşdüm. Heç bir il oxumamışdıq ki, vətəndən qara xəbər aldıq: milli hökumətimizi ruslar yıxmışdı. Bundan sonra ağır günlərimiz başladı. Yeni qurulmuş Şura hökuməti biz tələbələrə yardım göstərməkdən imtina etdi. Məcbur olub təhsilimi yarımçıq qoydum. Almaniyadan çıxıb Fransaya getdim, sonra İtaliyaya, ordan da Türkiyəyə. Nəhayət, Misirə gəldim. Evləndim. Bax, bu gördüyün mağazanı satın alıb ticarətlə məşğul olmağa başladım. 1953-cü ildə Misir inqilabından sonra Camal Əbdül Nasir şəxsi mağazaları milliləşdirmək haqqında sərəncam verdi. İlk növbədə də qeyri-ərəblərə məxsus mağazaları milliləşdirdilər. Mənim mağazam da dövlət mülkü oldu. Amma hökumət məni bayıra atmadı. Elə burada qalıb satıcı işləməyə başladım. Son illər qocalığıma görə kassaya baxıram.
Soruşdum ki, oğuldan-qızdan nəyin var? Dedi ki, iki qızım var, evlidirlər. Qoca məndən Nəriman Nərimanovu xəbər aldı. Cavab verdim ki, 1925-ci ildə vəfat edib. Qoca başını aşağı salıb bir qədər susdu. Qəmli səslə dedi:
— Kişilər min bir əziyyətlə millətə gün ağlamışdılar. Nərimanov novrağımızı pozdu, bizi ruslara satdı. — Bir az da susub əlavə etdi. — Məşədi Əzizbəyov vardı. Nəcib ailədən idi. Əmisi varlı-hallı kişi idi. Amma nə olsun?! Axırda gedib bolşeviklərə, daşnaklara qoşuldu...
Qocadan bayaq pulları rusca saymasının səbəbini soruşanda cavab verdi ki, təhsilim rusca olub, rusca saymağı vərdiş eləmişəm. Bakıdakı qohum-əqrəbası ilə maraqlandım. Dedi ki, orada çoxlu qohumum var. Ancaq, nə illah elədimsə, bu haqda heç bir məlumat ala bilmədim. Kişi öz adını da demədi. Yəqin etdim ki, qohumlarına bir xətər yetəcəyindən qorxur. Ona görə də inadkarlıq göstərmədim. (Familiyasını gizlətməməsinin səbəbini isə sonralar anladım. Heç demə, həmin mağaza məhəllədə “Seyidəliyevin mağazası” adı ilə məşhur idi). Xeyli söhbət etdikdən sonra ayrıldıq...

Hər dəfə o mağazaya yolum düşəndə həmyerlimizlə görüşüb, hal-əhval tuturdum. Bir neçə aydan sonra vətənə qayıtdım. İçərişəhərli Seyidəliyevin - bu keçmiş tələbənin sonrakı taleyi haqqında, təəssüf ki, xəbərim olmadı...”
Ramiz Bağırov bu tələbənin sonrakı həyatı haqqında məlumat əldə edə bilməsə də, bizim əlimizdə onun Misirdən əvvəlki həyatı haqqında bilgilər mövcuddur. Professor Ədalət Tahirzadə ilə Oğuztoğrul Tahirlinin qələmə aldıqları “Azərbaycan Cümhuriyyəti tələbələri” adlı kitabda Seyidəliyev soyadlı sadəcə bir tələbə var.
Seyidəliyev Mirməhəmmədrza Mirabutalıb oğlu adlı bu tələbə 1898-ci ildə Şamaxıda doğulub. Atası geniş ailəyə sahib olub. Görünür, sonradan Bakıya köçdüklərinə görə Seyidəliyev İçərişəhərdən olduğunu bildirib. O, Bakı 2-ci kişi gimnaziyasına 4 sentyabr 1909-cu ildə girərək orada əla əxlaqla 24 may 1919-cu ilədək oxuyub və səkkizsiniflik tam kursu bitirib. Həmin ərəfələrdə hökumətin xaricə tələbə göndərməsi ilə bağlı elanı gördükdən sonra 7 avqust 1919-cu ildə maarif nazirinə yazdığı ərizədə tibb üzrə oxumağa gedən tələbələr sırasına salınmasını xahiş edib.
Seyidəliyev 8 noyabr 1919-cu ildə maarif nazirinə yeni ərizə yazaraq Berlin şəhərində tibb fakültəsinə göndərilməsini xahiş edib. 30-31 dekabr 1919-cu ildə Seyidəliyev təhsilini bitirdikdən sonra hökumətin göstərdiyi yerdə 4 il işləyəcəyi və oxuyacağı dövlət ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı barədə öhdəlik götürüb. 14 yanvar 1920-ci ildə ona müvafiq vəsiqə verilib. Onun Avroapdakı təhsil həyatı barədə geniş məlumat yoxdur, 10 avqust 1920-ci il tarixli tələbələrin siyahısı ilə bağlı sənəddə Parisdə olduğu göstərilib.
Seyidəliyev özü də Berlindən sonra Fransaya getdiyini bildirib. Onun Misirə getməsinin səbəblərinə gəldikdə isə bu barədə hələ ki ehtimallar irəli sürmək mümkündür. Fikrimizcə, Seyidəliyev İkinci Dünya müharibəsi illərində də Berlində yaşayıb, daha sonra İtaliyaya keçib. Misir kralı Farukun İtaliyadakı qaçqınların bir qrupunu Misirə gətirilməsi ilə bağlı göstərişindən sonra o da Qahirəyə gələn qaçqınlar karvanına qoşulub.
Digər maraqlı bir fakt II Dünya müharibəsi illərində Şamaxıda doğulmuş, Seyidəliyev soyadlı başqa bir azərbaycanlının da Berlində yaşamasıdır. Legion mətbuatında Məhəmməd Tuğay olaraq bilinən Məhəmməd Seyidəliyevin “Radio verilişləri xidməti”nin Azərbaycan redaksiyasına bir müddət başçılıq etdiyi bildirilir. Tədqiqatçı Məmməd Cəfərli onun 1926-cı ildə Qərbi Avropaya köçdüyünü qeyd edib.
M. Tuğayın bir neçə məktubu və çıxışları mənbələrdə mövcuddur. Bəlkə də, bu iki şəxs eyni adamdır, bəlkə də, yaxın qohum olublar. Ən maraqlısı odur ki, Məhəmməd Tuğay müharibə qaçqınlarından azərbaycanlı Zöhrab Kəsəmənliyə 6 sentyabr 1947-ci ildə Qahirədən məktub yazıb. Hər halda bu, bir ehtimaldır. Növbəti yazımızda şamaxılı Məhəmməd Tuğayın məktub və çıxışlarına yer verəcəyik.