BAKI, 18 iyun. TELEQRAF
"Hər bir texnoloji inqilab vətəndaşların həyatına təsir göstərir, süni intellekt də bu baxımdan istisna deyil".
Teleqraf xəbər verir ki, bunu Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloş Ombudsmanların Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, süni intellekti fərqləndirən əsas xüsusiyyət sürət və miqyasdır: "Süni intellekt qərarların qəbulunu asanlaşdırır və hətta ədalətin təmin olunmasına da təsir göstərə bilir. Əsas narahatlığımız texnologiyanın özündən deyil, ondan istifadə edən insanlardandır. Süni intellektin imkanları çox genişdir. O, dövlət qurumlarını vətəndaşlar üçün daha əlçatan edə, müraciətlərə daha operativ və effektiv cavab verilməsinə şərait yarada bilər.
Bu imkanlarla yanaşı, ciddi risklər də mövcuddur. Əgər istifadə olunan məlumatlar qərəzli olarsa, alqoritmlər şəffaf olmazsa və şəxsi məlumatlar kifayət qədər qorunmazsa, bu, vətəndaşların hüquq və azadlıqları üçün təhlükə yarada bilər. Bu səbəbdən əsas məsələ dövlət qulluğunda süni intellektdən daha səmərəli və məsuliyyətli şəkildə necə istifadə edilməsidir".