BAKI, 18 iyun. TELEQRAF

"Süni intellekt yalnız texnoloji inkişaf məsələsi deyil, eyni zamanda sosial, mədəni və hüquqi aspektləri əhatə edən qlobal çağırışdır".

Teleqraf xəbər verir ki, bunu Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Vasip Şahin “Süni İntellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Bakı sammiti süni intellektin yaratdığı imkanlar və risklərin müzakirəsi baxımından mühüm platformadır.

“Bu gün dünyada ən vacib gündəm mövzularından biri süni intellektdir. Bu məsələnin insan hüquqları institutları tərəfindən beynəlxalq formatda müzakirə olunması çox dəyərlidir”, - deyə o qeyd edib.

Vasip Şahinin sözlərinə görə, Türkiyədə süni intellektin tətbiqi və tənzimlənməsi istiqamətində ciddi iş aparılır:

“Bu, sadəcə texniki və texnoloji inkişaf məsələsi deyil. Eyni zamanda sosial, mədəni və xüsusilə hüquqi baxımdan möhkəm əsasların yaradılmasını tələb edən bir prosesdir. Türkiyədə süni intellektin insanlara verdiyi faydalarla yanaşı, rəqəmsallaşma və texnologiyaların yaratdığı risklərə qarşı, xüsusilə kibertəhlükəsizlik sahəsində genişmiqyaslı tədbirlər və qanunvericilik təşəbbüsləri həyata keçirilir".