BAKI, 18 iyun. TELEQRAF
"Süni intellektin hüquqi tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal texnologiyalar qlobal xarakter daşıdığı üçün vahid hüquqi yanaşmaların və ortaq standartların formalaşdırılması vacibdir".
Teleqraf xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, beynəlxalq institutlar tərəfindən süni intellekt texnologiyalarının hüquqi və etik çərçivəsinin müəyyən edilməsi məqsədilə qəbul olunan sənədlərdə insan hüquqlarının qorunması, etik prinsiplər, şəffaflıq, məlumat təhlükəsizliyi və insan nəzarəti məsələləri xüsusi vurğulanır:
"Bu yanaşma göstərir ki, gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır. Bu baxımdan Ombudsmanların Beynəlxalq Bakı Sammiti hüquqi fikir mübadiləsi, qabaqcıl təcrübələrin paylaşılması və insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli platformadır.
Əminəm ki, Sammit çərçivəsində aparılacaq müzakirələr insan hüquqlarının rəqəmsal mühitdə etibarlı müdafiəsi və süni intellekt texnologiyalarının hüquqi çərçivəsinin təkmilləşdirilməsi baxımından mühüm töhfə verəcək".