BAKI, 18 iyun. TELEQRAF
“Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunun müzakirəyə çıxarılması müasir hüquqi dövlət anlayışı və insan hüquqlarının müdafiəsi baxımından xüsusi aktuallıq kəsb edir".
Teleqraf xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, müasir dövrdə rəqəmsal texnologiyaların və süni intellekt sistemlərinin sürətli inkişafı ictimai münasibətlərin mahiyyətinə əhəmiyyətli təsir göstərməkdədir:
"Süni intellekt artıq yalnız texnoloji yenilik deyil, dövlət idarəçiliyinin, iqtisadi münasibətlərin, informasiya təhlükəsizliyinin, məhkəmə fəaliyyətinin və insan hüquqlarının həyata keçirilməsi mexanizmlərinin ayrılmaz elementinə çevrilib. Bu proses, bir tərəfdən, dövlət xidmətlərinin səmərəliliyinin artırılması, məlumatların operativ emalı, vətəndaşların hüquqi müdafiə imkanlarının genişləndirilməsi və ictimai idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Digər tərəfdən isə, şəxsi məlumatların qorunması, hüquqi məsuliyyətin müəyyən edilməsi, alqoritmik diskriminasiya, rəqəmsal nəzarət və fundamental hüquqların müdafiəsi ilə bağlı yeni hüquqi çağırışları meydana çıxarır".
F. Abdullayev qeyd edib ki, süni intellektin inkişafı və tətbiqi məsələsi hüquqi dövlət prinsipləri, konstitusion təminatlar və beynəlxalq insan hüquqları standartları kontekstində qiymətləndirilməlidir: "Bu yanaşma Azərbaycan Respublikası konstitusion hüquq sistemində də öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi təsbit edilib.
Strategiyada süni intellekt ekosisteminin formalaşdırılması, innovasiyaların təşviqi, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi, müasir infrastrukturun yaradılması, məlumat təhlükəsizliyinin təmin edilməsi və etik-hüquqi çərçivənin təkmilləşdirilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir. Bu sənəd yalnız texnoloji tərəqqiyə yönəlmiş proqram xarakterli sənəd deyil, eyni zamanda insan hüquqlarının, şəffaflığın, hesabatlılığın və insan nəzarəti prinsipinin qorunmasını əsas götürən müasir idarəetmə fəlsəfəsinin təzahürüdür. Bu baxımdan Strategiya Azərbaycanın qlobal rəqəmsal transformasiya proseslərinə inteqrasiyasını təmin etməklə yanaşı, süni intellektin insan mərkəzli, təhlükəsiz və məsuliyyətli inkişafı üçün möhkəm hüquqi və institusional zəmin yaradır. Bu baxımdan, süni intellekt texnologiyalarının tətbiqində başlıca meyar insan hüquqlarının prioritetliyinin təmin edilməsidir. İnsan hüquqlarına təsir edən hər bir texnoloji mexanizm qanunçuluq, legitim məqsəd, proporsionallıq və hüquqi müəyyənlik prinsiplərinə uyğun fəaliyyət göstərməlidir".
Konstitusiya Məhkəməsinin sədri vurğulayıb ki, müasir hüquq sistemləri qarşısında duran əsas vəzifələrdən biri texnoloji inkişaf ilə fundamental hüquqlar arasında balansın təmin edilməsidir:
Süni intellekt məhkəmə sistemində də böyük imkanlar yaradır. Məhkəmə praktikasının sistemləşdirilməsi, hüquqi məlumat bazalarının təhlili və məhkəmə xidmətlərinin əlçatanlığının artırılması baxımından bu texnologiyalar faydalı vasitə ola bilər.
Bununla yanaşı, nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin mahiyyəti yalnız texniki prosedurlarla məhdudlaşmır. Onun əsasında hüquqi təfəkkür, vicdan, daxili inam və insan hüquqlarının mahiyyətinin düzgün qiymətləndirilməsi dayanır. Buna görə də süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz".