BAKI, 18 iyun. TELEQRAF

"Bu gün qarşımızda duran əsas məsələ süni intellekt sahəsində müasir çağırışların təhlili və yarana biləcək risklərin effektiv idarə olunması istiqamətində ortaq yanaşmaların və səmərəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılış mərasimində deyib.

"Hədəflərə nail olmağımız beynəlxalq həmrəylik, çoxtərəfli əlaqələr və ümumi hüquqi çərçivələrin inkişaf etdirilməsi əsasında mümkündür. Bu baxımdan Sammitdə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, akademik dairələrin, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gəlməsi süni intellekt və insan hüquqları sahəsində qarşıda duran vəzifələrin müzakirəsi, ümumi yanaşmaların və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlverişli imkanlar yaradır", - deyə Ombudsman əlavə edib.

"Hər birinizi 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə təbrik edir, Sammitin işinə uğurlar arzulayıram" - Səbinə Əliyeva bildirib.