BAKI, 8 iyun. TELEQRAF

FHN-in "112" qaynar telefon xəttinə hər gün ortalama 8-10 min müraciət daxil olur.

Teleqraf xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov FHN və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə tur bələdçiləri üçün turistlərin fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlim zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, daxil olan müraciətlərin mütləq əksəriyyətinin əsassız olduğu üzə çıxır: "Məlum olduğu kimi, "112" mobil tətbiqi əlçatanlığın təmin olunması məqsədilə tətbiq edilib. "112" mobil tətbiqinin bizə verdiyi ən böyük üstünlük lokasiyanın təyin olunmasıdır. İstifadəçi "112" mobil tətbiqinə daxil olduqda dərhal "112"-də, qaynar xətdə artıq operatorlar tərəfindən hadisənin baş verdiyi ünvan avtomatik qaydada xəritə proqram təminatında görünür".

Nizami Əsədov deyib ki, Azərbaycanda turizm sürətlə inkişaf edir və "112" qaynar xəttə xarici vətəndaşlar, əcnəbilər də müraciət edir:

"Bu müraciətlərin qəbulu üçün mərkəz tərəfindən bir neçə xarici dili — ingilis, rus, ərəb dillərini bilən şəxslərin növbədə olması təmin olunub. Hazırda turizm sahələrimizdə, bölgələrimizdə hər hansı fövqəladə hal baş verdikdə ilk olaraq "112" qaynar xəttə müraciət etməyi tövsiyə edirik.

Bildiyiniz kimi, yamaca qalxma, çətin keçilən ərazilərdə, relyeflərdə, ümumiyyətlə, bu sahələr üzrə turizm artıq inkişaf etməkdədir. Alpinistlərdən və ya digər yüksəkliyə qalxan turistlərdən xahiş edirik, öncədən marşrut xətlərini müəyyənləşdirsinlər və yaxşı olar, 112-yə zəng edib bildirsinlər ki, biz bu saatda, bu tarixdə filan marşrut koordinatı üzrə hərəkət traektoriyamız var. Bunu bilməyimiz bizə hər hansı xoşagəlməz hadisə baş verdikdə dərhal onların hərəkət marşrutları üzrə axtarış-xilasetmə qüvvələrinin cəlb etməsini təmin edə bilərik".