BAKI, 2 iyun. TELEQRAF

“Müasir dünyada texnoloji tərəqqi və rəqəmsallaşma fonunda məlumatlara əlçatanlıq tələbatı günü-gündən artır. Lakin rəqəmsal mühitin bu dərəcədə genişlənməsi yeni strateji çağırışlar yaradır. Belə ki, durmadan artan məlumatların işlənməsi, təhlükəsizliyi və qorunması üçün çox böyük həcmdə texnoloji resurs və güclü infrastruktur tələb olunur”.

Teleqraf verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar – 2026” beynəlxalq elmi konfransının açılış mərasimində çıxışı zamanı səsləndirib.

Rəis müavini bildirib ki, rəqəmsallaşma sürətləndikcə kiberfəza ilə fiziki ətraf mühit artıq vahid bir sistemə çevrilir:

“Təhlükəsizlik standartlarına cavab verməyən hər bir rəqəmsal infrastruktur potensial risk mənbəyidir. Bu səbəbdən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olaraq rəqəmsal gələcəyimizin həm kibertəhdidlərə qarşı dayanıqlı olması, həm də ekoloji standartlara uyğun formalaşması üçün fəaliyyətimizi kompleks və strateji şəkildə davam etdiririk.

Bu beynəlxalq konfransın elm və praktikanın qovşağında rəqəmsal və yaşıl gələcəyimiz üçün çox mühüm, tətbiqi əhəmiyyətli innovativ həllər və təkliflər ortaya qoyacağına dərindən inanıram. İnfrastruktura olan bu tələbat, təbii olaraq, dünya miqyasında nəhəng data mərkəzlərinin qurulmasına və nəticədə böyük həcmdə enerji istehlakına səbəb olur”.

A.İsmayılov qeyd edib ki, innovativ texnologiyaların ətraf mühitlə kəsişdiyi ən mühüm nöqtələrdən biri də şübhəsiz ki, "Ağıllı şəhər" konseptləridir:

“Ağıllı şəhər infrastrukturunu formalaşdıran sistemlərə edilə biləcək potensial kiberhücumlar birbaşa olaraq həmin sistemlərin iflic edilməsi, yəni real xaosun yaradılması xarakteri daşıya bilər”.