BAKI, 8 may. TELEQRAF

2026-cı il 4-6 may tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı tərəfindən İstanbul Arbitraj Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində alternativ mübahisələrin həllinə (ADR) həsr olunmuş beynəlxalq tədbir keçirilib.

Məhkəmə Hüquq Şurasından Teleqraf-a verilən xəbərə görə, səfər çərçivəsində təşkil olunan “Məhkəmə-hüquq mübahisələrinin həlli simpoziumu” və “Qlobal ADR Kollokviumu”nda Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova və Bakı Apellyasiya Məhkəməsinin hakimi Leyla Əliyeva iştirak ediblər.

Tədbirdə alternativ mübahisələrin həlli mexanizmlərinin müasir hüquq sistemlərində rolu və əhəmiyyəti, arbitraj və mediasiya sahəsində beynəlxalq təcrübə, məhkəmələrin ADR proseslərinə dəstəyi, xarici arbitraj qərarlarının tanınması və icrası, institusional arbitrajın inkişaf istiqamətləri, eləcə də hüquqi mühitin təkmilləşdirilməsi ilə bağlı aktual məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində iştirakçılar üçün panel müzakirələri, interaktiv sessiyalar və ekspert təqdimatları təşkil olunub, müxtəlif ölkələrin təcrübələri müqayisəli.şəkildə təqdim edilib.