BAKI, 8 may. TELEQRAF

Daxili İşlər Nazirliyində xalqımızın tarixində və taleyində əvəzsiz rolu olan, müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Teleqraf xəbər verir ki, əvvəlcə Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Ulu öndərin dövlətçilik tariximizdəki yeri və mövqeyi ilə bağlı çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, professor Ədalət Qasımov qeyd edib ki, böyük bir imperiyanın tərkibində olsa da Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Məhz onun Azərbaycana rəhbərlik etdiyi həmin illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.

Ümummilli Lider Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edən Ə.Qasımov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə həsr edən ulu öndərin dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.

Ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizəyə, ictimai asayişin qorunmasına ulu öndərin xüsusi önəm verdiyini vurğulayan daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev bildirib ki, bu gün ölkəmizdə hüquqi-normativ bazanın formalaşmasında mühüm əhamiyyətə malik qanunların qəbul edilməsində, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində ulu öndərin əvəzsiz xidmətləri var. O, ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanın bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunların, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamələr qəbulu ulu öndərin daxili işlər orqanlarının fəaliyyətinə verdiyi böyük önəmin bariz nümunəsi idi.

Ulu öndər Heydər Əliyevin arzularını və ideyalarını həyata keçirən, ölkəmizin çiçəklənməsi uğrunda bütün qüvvə və bacarığını sərf edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, ümummilli liderin Azərbaycan üçün xilaskarlıq-rifah yolunu davam etdirmiş, doğma Azərbaycanı qalib ölkəyə çevirmişdir.

2020-ci ildə başlayan və qələbəmizlə başa çatan Vətən müharibəsi, eləcə də Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü təmin edən lokal xarakterli antiterror əməliyyatı ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasının, bir sözlə qazandığımız bütün uğurların təməlində ulu öndərin ideallarının dayandığını vurğulayan çıxışçılar bu dahi şəxsiyyətin xalqımızın tarixi ilə bağlı olan siyasi fəaliyyətinin gələcək nəsillər tərəfindən dərindən öyrəniləcəyinə, əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əbədiyaşar olacağına əminliklərini ifadə ediblər.

Daha sonra tədbir iştirakçıları ulu öndərin ömür yolundan bəhs edən sənədli filmə baxıblar.