BAKI, 5 may. TELEQRAF
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı bölgələrdən paytaxta gələn sürücülər üçün məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur.
Teleqraf xəbər verir ki, bunu WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
O qeyd edib ki, COP29 dövründə olduğu kimi rayonlardan paytaxta gəlmək üçün postların qurulması planlaşdırmır.
“Bu, yalnız forumun rəsmi açılış günü – 18 may tarixində qısamüddətli xarakter daşıya bilər. Həmin gün zərurət yarandığı halda paytaxtın cənub hissəsində, “Lökbatan dairəsi” kimi tanınan ərazidə nəqliyyat axınında müvəqqəti tənzimləmə tətbiq oluna bilər. Bu zaman cənub istiqamətdən paytaxta gələn nəqliyyat vasitələri ola bilsin kənar dairəvi yola istiqamətləndirilsinlər. Bu, məhdudiyyət və ya postların qurulması kimi qiymətləndirilməməlidir. Yalnız hərəkətin səmərəli təşkili məqsədilə istiqamət dəyişiklikləri nəzərdə tutulur və bu da müvəqqəti xarakter daşıyır.
Digər yerlərdən gələn nəqliyyat vasitələrinə isə məhdudiyyət nəzərdə tutulmur", - qeyd edib.