BAKI, 28 aprel. TELEQRAF
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su və meliorasiya sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün kompleks tədbirlər görüləcək.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.
Sənədə əsasən, respublikanın müxtəlif rayonlarında selə qarşı mühafizə bəndlərinin tikintisi və kanalların bərpası nəzərdə tutulur:
Şabran rayonu: Vəlvələçay–Taxtakörpü kanalının Dəvəçiçay ilə kəsişməsində 3400 mm-lik metal duker və xidməti körpü dayaqları bərpa olunacaq, çayda mühafizə bəndi tikiləcək. Həmçinin kanalın sağ tərəfində torpaq sürüşməsi kənarlaşdırılaraq terraslar yaradılacaq.
Xızı rayonu: Taxtakörpü–Ceyranbatan kanalının Girdimançay, Gədiçay, Veqverçay və Sitalçay ilə kəsişən dukerlərində yuyulmuş keçidlər bərpa ediləcək.
Ağsu, Quba və Xaçmaz: Ağsuçayın şəhər və kənd ərazilərindən keçən hissələrində, Qaraçayda və Qusarçayda beton və daş-beton sahil mühafizə bəndləri inşa olunacaq.
Astara rayonu: Pensərçayda daş-beton bəndlərin quraşdırılması təmin ediləcək.
Abşeron rayonu: Xırdalan şəhəri və rayon ərazisində içməli su, kanalizasiya və yağış suları sistemlərindəki qəzalı vəziyyət aradan qaldırılacaq.
Paytaxtın bir neçə rayonunda sel sularının təsirindən çökmüş irimiqyaslı kollektorlar yenidən qurulacaq:
Xətai rayonu: Zeytun Sovxozu küçəsindən keçən d1000 mm-lik "Günəşli" kollektorunda, həmçinin R.Bağırov, Ş.Səmədov, İ.İsmayılov və T.Hacıbabayev küçələrindəki müxtəlif diametrli (d1000-1400 mm) dairəvi kollektorlarda baş vermiş çökmələr aradan qaldırılacaq. 8 Noyabr prospektində, AFFA-nın qarşısındakı Keşlə yağış kollektoru da tam bərpa olunacaq.
Nizami rayonu: Çobanzadə, O.Vəliyev, M.Abbasov və A.Manafov küçələrində yağış və fekal kanalizasiya kollektorlarında (d1000-1200 mm) bərpa işləri aparılacaq.
Binəqədi və Sabunçu rayonları: Biləcəri yolu və A.Əsədullayev küçəsindəki kollektor və kanalizasiya quyularının ətrafındakı fəsadlar kənarlaşdırılacaq.
Sumqayıtda infrastrukturun bərpası məqsədilə aşağıdakı tədbirlər görüləcək:
Şəhərin 6, 8, 10 və 11-ci mikrorayonlarında d600-1200 mm-lik kollektorlarda çökmələr aradan qaldırılacaq.
Çerkassı, Sahil, M.Lermontov və Bakı küçələrində kanalizasiya xətləri və baxış quyuları yenidən qurulacaq.
Xüsusi əhəmiyyət kəsb edən d1420 mm-lik TSTQ təxliyə xəttində baş vermiş çökmə tam bərpa edilərək istismara veriləcək.