BAKI, 8 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Saatlı Rayon İcra Hakimiyyətində “Regional mərkəzin xidməti ərazisində Nazirliyin struktur bölmələri və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə fövqəladə hallarla mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, tədbirdə FHN Muğan Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları, İcra Hakimiyyətinin məsul işçiləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.

Seminar-müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz təbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, digər aidiyyəti qurumlarla FHN-in regionda fəaliyyət göstərən strukturları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülmüş işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə müzakirə olunan mövzunun əhəmiyyətindən danışılıb, FHN-in Muğan Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının təhlili aparılıb.

Seminar-müşavirədə Mərkəzin əməkdaşları tərəfindən rayonda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.