BAKI, 8 aprel. TELEQRAF
“Hazırda bütün quru sərhəd keçidlərini idarə edə biləcək vahid elektron platforma hazırlayırıq. Bundan əlavə, bu platforma məlumatları birləşdirə və bizim və digər ölkələrin məlumat bazalarının rahat inteqrasiyasını təmin edə biləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan ölkənin gömrük məntəqələrində gələcək innovasiyaların təfərrüatları barədə danışarkən deyib.
O bildirib ki, yüklərin yoxlanması üçün elektron idarəetmə sistemindən istifadə olunacaq:
“Nəqliyyat vasitəsi haqqında bütün zəruri məlumatlar hətta nəzarət məntəqəsinə çatmazdan əvvəl də əldə edilə biləcək. Sərhəddə növbələri azaltmaq üçün elektron sistem tətbiq olunacaq. Həmçinin yük maşınının çəkisini saxlamadan müəyyən etmək üçün sistemin tətbiqi planlaşdırılır. Ermənistan süni intellektli müasir rentgen sistemlərindən istifadə etməyi planlaşdırır. Riskləri avtomatik olaraq müəyyən edəcək və təmassız yoxlamalara imkan verəcək alətlər olacaq”.
Akopyanın sözlərinə görə, bütün bunlar bütün yük axını üçün beynəlxalq səviyyəli xidmətlərin göstərilməsinə imkan verəcək: “Bu, “Tramp Marşrutu”na da aiddir”.