BAKI, 8 aprel. TELEQRAF
Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
***
11:37
Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib.
"Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
***
10:52
Aprelin 7-də saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.
"Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.