BAKI, 7 mart. TELEQRAF

Türkmənistanın Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Naxçıvana İran tərəfindən dron hücumlarından irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib.

O qeyd edib ki, Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. Hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində izahat verilməsinin tələb olunduğunu vurğulayıb.

Türkmənistan naziri mövcud vəziyyətin narahatlıq doğurduğunu diqqətə çatdırıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.