BAKI, 6 mart. TELEQRAF
Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
XİN-dən Teleqraf-a verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmsöhbətinə ötən gün Naxçıvan istiqamətində İran tərəfindən həyata keçirilmiş dron hücumları barədə geniş məlumat verib.
Nazir qeyd edib ki, Azərbaycanın ərazisinə qarşı bu cür addımlar ölkənin suverenliyinə zidd olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.
Nazir Nasser Bourita Azərbaycanın ərazisinə qarşı dron hücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunu bildirərək, ölkəmizlə həmrəyliyini ifadə edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.