BAKI, 11 fevral. TELEQRAF

"İnfrastrukturun genişlənməsi artıq tam şəkildə təmin edilib. “Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılıb. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin".

Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (red. - “hökumət buludu” ) tam şəkildə qurulub.

"Ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılmışdır. “SİMA” Biometrik İmzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, nadir istifadəçi artıq son üç il ərzində bu imzadan istifadə edir. “SİMA”nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırmışdır.

Misal olaraq qeyd edim ki, bu gün bizim vətəndaşlarımız bankda hər hansı bir depozit hesabın açılması və yaxud da artırılmasını - istənilən bank əməliyyatlarını banka getmədən aplikasiyalar üzərindən tam şəkildə həyata keçirə bilirlər.