BAKI, 19 yanvar. TELEQRAF
Sumqayıtın Məhəmməd Əsədov küçəsində qanunsuz ticarətə qarşı reyd zamanı çəkilən görüntülər müzakirələrə səbəb olub.
Teleqraf xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsinin satıcıya qarşı rəftarı sosial mediada birmənalı qarşılanmayıb.
Həmin şəxs yol kənarında meyvə satan sahibkara irad bildirərək deyib: “Bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Bunu səkidə satırsansa, sənin deyil. “Vsyo”, qoyun bunları maşına!”
Sahibkara məxsus meyvə-tərəvəzin müsadirə olunaraq haraya aparıldığı isə naməlumdur.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri qanunsuz ticarətlə məşğul olan şəxslərə qarşı qanunvericiliyə əsasən hansı tədbirləri görə bilər? Satışda olan məhsullar hansı əsasla müsadirə edilir?
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Teleqraf-a açıqlamasında bildirib ki, küçə ticarəti ilə məşğul olan sahibkarlar İcra Hakimiyyəti orqanları ilə icarə müqaviləsi bağlamalıdırlar: "Sözügedən videodan da açıq görünür ki, yol bağlanıb və buna irad bildirilə bilər. Lakin Sumqayıt İcra Hakimiyyətinin malları müsadirə etmək üçün səlahiyyəti yoxdur. Heç bir vəzifəli şəxs deyə bilməz ki, “bu malları buradan yığışdır”.
İstənilən məsul şəxs vətəndaşa yaxınlaşarkən öz xidməti vəsiqəsini təqdim etməli, müraciət formasında "siz" deyə xitab etməlidir, "sən" deyə müraciət qəbulolunmazdır. Vətəndaşın üstünə qışqırmaq olmaz. Qanuni əsas göstərilməlidir ki, nə üçün bu fəaliyyətə icazə verilmir.
Əslində, səkilərdə fəaliyyət göstərmək olmaz. Amma bu, ölkəmizin hər yerində geniş yayılmış bir haldır. O zaman sual yaranır: necə olur ki, Bakıda buna göz yumulur, Sumqayıtda isə yox? Ölkədə vahid standart olmalıdır.
Məndə belə bir təəssürat yaranır ki, bu, sadəcə sahibkarlara məqsədli təzyiq vasitəsidir".
Məsələ ilə bağlı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.