BAKI, 14 yanvar. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində xidmət aparmaqdan qürur duyması xüsusi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edərək Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirmiş hərbi qulluqçular Hərbi Anda sadiq qalaraq yüksək döyüş ruhu, intizam və peşəkarlıq göstərmiş, ölkəmizin təhlükəsizliyinin təmin olunmasında əvəzsiz töhfələr veriblər.

Xidmət dövründə əsgər və zabitlərimiz ən çətin tapşırıqları qətiyyətlə icra etmiş, birlik və həmrəylik nümayiş etdirmiş, sərhədçi gücü və iradəsini layiqincə təmsil ediblər.

Ehtiyata buraxılan hərbi qulluqçular vətənə xidmətləri ilə qürurlu olduqlarını, zərurət yarandığı halda qazandıqları bilik və təcrübə ilə yenidən vətən sərhədlərinin mühafizə və müdafiəsinə hazır olduqlarını bildiriblər. Bu, Azərbaycan əsgərinin sarsılmaz iradəsinin və milli ruhunun təzahürüdür.

“Vətənə xidmət şərəfdir!” şüarı altında hərbi xidmətlərini başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə görə təşəkkür edilib.

Sonda xatirə fotoşəkilləri çəkilib, xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilmiş və şəxsi heyət təntənəli şəkildə yola salınıblar.