BAKI, 14 yanvar. TELEQRAF

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) başçəkmə həyata keçirilib.

Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun müddəaları əsasında keçirilmiş başçəkmənin məqsədi müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, həmçinin saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin saxlama kameralarına, istintaq, tibb, ibadət otağına, mətbəxə, gəzinti yerinə baxış keçirilib. Eyni zamanda, MSY-də saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib.