Bakı City Kartinq ərazisində kartinq maşınlarının toqquşması nəticəsində bir nəfərin həyatını itirməsi, digərinin isə xəsarət alması əyləncə mərkəzlərində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Hadisə kartinq parklarında nəzarət mexanizmlərinin, təhlükəsizlik qaydalarının icra səviyyəsinin, xüsusilə uşaqların yaş və sürət həddinə uyğun davranışına nəzarətin nə dərəcədə effektiv olması ilə bağlı ciddi suallar doğurur.
Məsələ ilə bağlı Təhlükəsizlik üzrə ekspert Orxan Musayev Teleqraf-a açıqlamasında bildirib ki, dörd təkərli kiçik və sadə motorlu maşınlar olan kartinqləri çox vaxt insanlar əyləncə vasitəsi kimi qəbul edirlər:
“Kartinq mühərrikli, sürətli və ciddi risklər daşıyan texniki vasitədir. Bu səbəbdən təhlükəsizlik məsələsi heç vaxt ikinci planda qalmamalıdır. Son baş verən faciə göstərdi ki, bəzi kartinq mərkəzlərində təhlükəsizlik sistemli şəkildə qurulmur və bu məsələyə formal yanaşılır. Hər bir kartinq trassaya çıxmazdan əvvəl mütləq yoxlanılmalı, əyləclər tam işlək vəziyyətdə olmalı, sükanda boşluq yaranmamalı, qaz pedalı ilişməməlidir.
Uşaqlar üçün yaşa uyğun sürət həddi müəyyənləşdirilməlidir. Təxmini yanaşmalar hər zaman risk yaradır. İştirakçılar kartinqə buraxılmamışdan öncə mütləq təlim keçməli, təhlükə zamanı davranış qaydaları onlara aydın şəkildə izah olunmalıdır. Xüsusilə uşaqlara panika zamanı qaza deyil, əyləcə sıxmağın vacibliyi başa salınmalıdır. Beton və ya metal baryerlər yolverilməzdir. Toqquşma zamanı zərbəni azaldan xüsusi qoruyucu baryerlər və təhlükəli döngələrdə əlavə mühafizə qurğuları olmalıdır. Əgər toqquşma ölümlə nəticələnibsə, bu, meydançanın təhlükəsizlik tələblərinə cavab vermədiyini göstərir”.
Ekspert nəzarət sisteminin düzgün təşkilinin vacibliyinə də diqqət çəkib:
“Təcrübəli personal prosesi daim izləməli, qəza baş verən kimi hərəkət dərhal dayandırılmalıdır. İştirakçı yıxıldığı halda digərlərinin hərəkətə davam etməsi ciddi təhlükə yaradır və bu, dünyada qəbul olunmuş elementar qaydalara ziddir. Qoruyucu vasitələr - dəbilqə, boyun qoruyucuları və təhlükəsizlik kəmərləri formal deyil, real şəkildə tətbiq olunmalı və uşaqların ölçüsünə uyğun seçilməlidir. Təəssüf ki, bəzi mərkəzlərdə bu vasitələr sadəcə görüntü naminə təqdim olunur.
Yeniyetmələr böyüklərlə eyni şərtlərlə kartinqə buraxılmamalı, yaşa uyğun kartinqlərdən istifadə etməlidirlər. Valideynlər də bu məsələdə məsuliyyətli davranmalıdır. Əyləncə mərkəzlərində, xüsusilə uşaq və yeniyetmələr üçün yaş məhdudiyyətləri və təhlükəsizlik qaydaları ciddi şəkildə nəzarətdə saxlanılmalıdır”.
Ekspertin sözlərinə görə, bu mərkəzlərdə istifadə olunan avadanlıqlar mütəmadi olaraq yoxlanılmalı, təhlükə yaradan qurğuların istismarı dərhal dayandırılmalıdır:
"Əyləncə mərkəzlərində çalışan işçilər təhlükəsizlik sahəsində xüsusi təlimlərdən keçməli, fövqəladə hallarda operativ müdaxilə etməyi bacarmalıdırlar. Nəzarətçilər təhlükəli vəziyyətdə necə davranmalı olduqlarını, iştirakçılara hansı formada kömək göstərməli olduqlarını bilməlidirlər. Bundan əlavə, onların ilkin tibbi yardım bacarıqları mütləq olmalıdır".