BAKI, 23 aprel. TELEQRAF

"Azad edilmiş ərazilərlə bağlı əsassız və manipulyativ iddialar səsləndirilərkən, məqsədli şəkildə diqqətdən yayındırılan bir həqiqət var, Ermənistan onilliklər boyu Azərbaycan xalqının tarixi, dini və mədəni irsinə qarşı sistemli dağıntı və mənimsəmə siyasəti həyata keçirib. Bu, təsadüfi vandalizm deyil, planlı şəkildə həyata keçirilən mədəni təmizləmə siyasətidir".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, işğal illərində Azərbaycanın Qarabağ və ətraf rayonlarında yüzlərlə tarixi-dini abidə dağıdılıb, talan edilib və ya saxtalaşdırılıb.

"Rəsmi məlumatlara əsasən, 60-dan çox məscid, yüzlərlə qəbiristanlıq, türbə və ziyarətgah məhv edilib. Bir çox hallarda bu abidələr ya tamamilə yer üzündən silinib, ya da mənimsənilərək başqa xalqlara aid kimi təqdim olunub.

Xüsusilə məzarlıqların taleyi Ermənistan vandalizminin ən ağrılı və rəzil tərəfini ortaya qoyur. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla Azərbaycan qəbiristanlığı sistemli şəkildə dağıdılıb. Qəbirlər qazılıb, baş daşları sındırılıb və oğurlanıb. Bu, təkcə maddi irsə deyil, həm də xalqın yaddaşına və mənəviyyatına qarşı yönəlmiş açıq təhqirdir".

Deputat qeyd edib ki, məscidlərin təhqir olunması isə bu siyasətin nə qədər alçaldıcı olduğunu açıq göstərir.

"İşğal dövründə bir sıra məscidlər donuz və ya inək saxlanılan yerlərə çevrilib. Bu faktlar çoxsaylı foto və video materiallarla təsdiqlənib və bu, dini dəyərlərə qarşı ən kobud hörmətsizlik və təhqir nümunələrindən biridir.

Bu siyasət yalnız işğal olunmuş ərazilərlə məhdudlaşmayıb. Ermənistanın öz ərazisində də Azərbaycan xalqına məxsus tarixi-dini abidələr məqsədli şəkildə məhv edilib. İrəvan şəhərində və digər bölgələrdə mövcud olmuş Şah Abbas, Sərdar, Hacı Novruzəli kimi məscidlər və XVI–XVIII əsrlərə aid digər abidələr ya dağıdılıb, ya da saxtalaşdırılaraq başqa kimlik altında təqdim edilib. Bu gün yalnız Göy məscid qalıb, o da orijinal funksiyası və görünüşü dəyişdirilərək muzeyə çevrilib", - o vurğulayıb.

V.Qafarov digər ciddi məsələnin Qafqaz Albaniyasına aid tarixi məbədlərin mənimsənilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb: "Ağoğlan, Amaras, Xudavəng, Qandzasar və digər monastırlar üzərində aparılan dəyişikliklər, yazıların silinməsi və memarlıq elementlərinin təhrif olunması bu abidələrin saxtalaşdırılaraq “erməniləşdirilməsi” siyasətinin açıq göstəricisidir.

Bütün bu faktlar Ermənistanın uzun illər ərzində həyata keçirdiyi strateji xətti göstərir: Azərbaycan xalqının bu torpaqlardakı tarixi izini silmək, gələcək ərazi iddialarını “tarixi əsaslandırmaq” və mədəni yaddaşı məhv etmək. Bu, sadəcə abidələrin dağıdılması deyil. Bu, bir xalqın kimliyinə, tarixə və mənəvi dəyərlərinə qarşı yönəlmiş məqsədli hücumdur. Beynəlxalq ictimaiyyət bu faktlara biganə qalmamalıdır. Çünki mədəni irsə qarşı törədilən bu cür cinayətlər təkcə bir ölkəyə qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı yönəlmişdir. Azərbaycan isə öz ərazilərində bütün tarixi və dini abidələrin qorunmasına sadiq qalaraq, əsl mədəniyyətin və multikultural dəyərlərin tərəfdarı olduğunu nümayiş etdirir".