BAKI, 27 dekabr. TELEQRAF
"Sizi 28 dekabr – Vəkillərin peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əlamətdar gün münasibətilə vəkillik institutunun nümayəndələri ilə bir arada olmaqdan məmnunluq duyuram".
Teleqraf xəbər verir ki, bunu Vəkil Günü peşə bayramı münasibətilə keçirilən tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib:
"Vəkillik sadəcə bir peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür.
Bildiyiniz kimi, bu gün vəkillik, məhkəmə, bütövlükdə hüquq sahəsində əldə olunan nailiyyətlərin təməlində məhz Ulu Öndər Heydər Əliyev amili dayanır. Onun təşəbbüsü ilə ölkəmizdə hüquqi islahatlar sistemli şəkildə həyata keçirilmiş, üçpilləli məhkəmə sistemi formalaşdırılmış və ədalət mühakiməsinin səmərəliliyi əsas prioritetlərdən olub".
İnam Kərimov son illərdə məhkəmə sahəsində aparılan islahatlardan da danışıb: "Qanunvericilik bazası təkmilləşdirilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilib, Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb, hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilib. Xüsusi qeyd etmək istərdim ki, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradan aktlarının indeksləşdirilməsi Qaydasının təsdiqi hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bu günədək Ali Məhkəmənin icraatında olan işlər üzrə 180-dən çox məhkəmə aktı indeksləşdirilərək rəsmi internet səhifəsində dərc edilib.
Bu aktlar cinayət, mülki, inzibati, kommersiya işlərini əhatə edir və vəkillər üçün məhkəmə təcrübəsinin əvvəlcədən öyrənilməsi baxımından əhəmiyyətli hüquqi mənbə rolunu oynayır.
Qeyd etmək istərdim ki, hazırda fəaliyyət göstərən hakimlərimizin bəziləri əvvəllər Vəkillər Kollegiyasının üzvü olublar. Eyni zamanda təqaüd yaşına çatan bir sıra təcrübəli hakimlərimizin də vəkillik fəaliyyətinə üz tutması məhkəmə və vəkillik institutları arasında peşəkar qarşılıqlı keçidin mövcudluğunu nümayiş etdirir".