BAKI, 27 dekabr. TELEQRAF

"Vəkillik hər zaman yüksək məsuliyyət, prinsipiallıq və fədakarlıq tələb edən bir peşə olub. Cəmiyyətin ədalətə olan inamının formalaşmasında vətəndaşla dövlət arasında hüquqi körpü rolunu məhz vəkillər oynayır".

Teleqraf xəbər verir ki, bunu Vəkil Günü peşə bayramı münasibətilə keçirilən tədbirdə Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov deyib.

"Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb.

Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində qəbul edilmiş çoxsaylı normativ-hüquqi aktlar və islahatlar Ulu Öndərin layiqli davamçısı, möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə də birbaşa bağlıdır. Prezidentin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu baxımdan xüsusi strateji əhəmiyyətə malikdir.

Həmin Fərmanla dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması vəkilliyin institusional müstəqilliyinin gücləndirilməsinə əsaslı töhfə verib. Xüsusilə qeyd olunmalıdır ki, 2025-ci ildə vəkillərə ödənilən haqqın saatda 6 manatdan 11 manata qaldırılması bu siyasətin ardıcıl davamının bariz nümunəsidir.

Qeyd edim ki, 2025-ci il üzrə 34.073 qərar üzrə 5.999.874,51 manat məbləğ vəkillərə ödənilib. Növbəti ildə isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardım üçün isə 9 milyon manat pul ayrılıb. Bu proseslərin həyata keçirilməsində Kollegiyanın Hüquqi Yardım Mərkəzinin rolu danılmazdır.

Prezidentin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 28 dekabrın “Vəkil Günü” kimi təsbit edilməsi həmçinin, 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans ölkəmizdə vəkillik institutuna, vəkillərin əməyinə və onların ədalətin təmin olunmasında oynadığı rola verilən yüksək qiymətin təzahürüdür".

Anar Bağırov vurğulayıb ki, 2025-ci il ərzində Kollegiya tərəfindən 50-dən çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edilib, bu da onun normayaratma proseslərində mühüm tərəfdaş kimi rolunu bir daha təsdiqləyir.

"2025-ci ilin 12 dekabr tarixinədək 55 576 elektron order və 73 034 elektron müqavilə rəsmiləşdirilib. 2025-ci il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 893 şikayət daxil olub, aparılan intizam icraatları nəticəsində 148 qərar qəbul edilib. Bu göstəricilər Kollegiyanın prinsipial mövqeyini, qanunçuluğa və peşə məsuliyyətinə verdiyi önəmi nümayiş etdirir.

Bu gün isə vəkillik institutunun gələcəyini formalaşdıran mühüm bir mərhələnin şahidiyik. 60 yeni vəkilin and içməsi ilə Azərbaycan vəkillərinin ümumi sayı 2 836 nəfərə çatır. Onlardan qadın vəkillərin sayı – 633, kişi vəkillərin sayı isə – 2203 nəfərdir. Ümumilikdə 2025-ci il ərzində keçirilmiş test imtahanlarında 823 nəfər namizəd iştirak etmişdir ki, onlardan 420 nəfəri uğur qazanıb",-deyə Anar Bağırov əlavə edib.