BAKI, 11 dekabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Dillər Universitetində (ADU) “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Konfransda Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbə elmi cəmiyyətlərinin fəalları, həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı fənnlərin tədris olunduğu ali məktəblərin professor-müəllim heyəti, aspirant və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova bu tipli tədbirlərin əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra FHN Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov tədbirin məqsədi barədə məlumat verib, konfransın işində iştirak edən müəllim və tələbələrə təşəkkür edib.
ATGTİ-nin nümayəndəsi Aqil Quliyev bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, tələbələrin təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyətindən bəhs edib.
Konfransda tələbələr mövzu üzrə təqdimatlarla çıxış ediblər.
Tədbirdə, həmçinin Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.