BAKI, 16 mart. TELEQRAF
1973-cü il təvəllüdlü şəxs 10.03.2026-cı il tarixində Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-a Sabunçu Tibb Mərkəzindən bildirilib.
Məlumata görə, pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb.
"14.03.2026-cı il tarixində saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb.
Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib.
Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib.
Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub.
15.03.2026-cı il tarixində saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb".