BAKI, 16 mart. TELEQRAF
AMEA-da Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, Polşanın görkəmli şərqşünas alimi Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş “Sadıq bəy Ağabəyzadə – XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Bu barədə Teleqraf-a AMEA-dan məlumat verilib.
Konfransın təşkilatçıları kimi AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Rəyasət Heyəti Elmi İrs Mərkəzi, Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsi və həmin fakültənin Azərbaycan Araşdırmaları Mərkəzi çıxış ediblər.
Sadıq bəy Ağazadənin həyat və fəaliyyətinə və Şərqşünaslıq elminin müasir problemlərinə həsr olunmuş bu konfransa elmi məruzə ilə 13 ölkədən 95 alim qatılıb.
20 xarici tədqiqatçı Polşa, Almaniya, İsveç, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Fransa, İraq və Əlcəzairin elmi və təhsil müəssislərini təmsil edir
Sərgidə Polşa Elmlər Akademiyasının arxivi, Krakov Yegillan Universiteti arxivi, Azərbaycan Dövlət Arxivinin, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fondlarında Sadıq bəy Ağabəyzadəyə aid saxlanılan şəkillər və sənədlər nümayiş etdirilir.
Sərginin açılışında Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidi və Azərbaycanın Ukraynada sabiq fövqəladə və səlahiyyətli səfiri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli iştirak ediblər.
Beynəlxalq konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tanınmış şərqşünas alim və ictimai-siyasi xadim Sadıq bəy Ağabəyzadənin Azərbaycanın istiqlal tarixində mühüm yer tutan görkəmli şəxsiyyətlərdən biri olduğunu diqqətə çatdırıb.
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev, azərbaycanşünaslıq sahəsində əsərləri ilə tanınan Berlin Humboldt Universitetinin professoru Yeva-Mariya Aux iştirak ediblər.
Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bereja Starjinska konfransa təbrik nitqindən sonra “Elmi ənənələrin varisliyi – Sadiq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitski” mövzusunda məruzə edib.
Məruzəçi Sadiq bəy Ağabəyzadə, Vladislav Kotviç və Marian Levitski arasında elmi varislik və onların formalaşdırdıqları şərqşünaslıq ənənələri haqqında məlumat verib.