BAKI, 27 noyabr. TELEQRAF

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun direktor müavini, direktor vəzifəsini icra edən dosent Zaur İmrani Teleqraf İnformasiya Agentliyinə müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Qərara əsasən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu yaradılacaq. Bu proseslə bağlı işlər hazırda hansı mərhələdədir?

- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birləşdirilməsi optimallaşdırma məqsədi daşıyır. Belə ki, Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamı və Baş nazir Əli Əsədovun 2025-ci il 7 oktyabr tarixli 292 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması” institutların daha səmərəli təşkil olunmasını tələb edir. Hazırkı mərhələdə bu iki institutun birləşməsi ilə əlaqədar hüquqi təhvil-təslim prosesi gedir. İlk mərhələdə bunu başa çatdırmalıyıq. Sonra müəyyən struktur işlənilməli və onun əsasında gələcək fəaliyyətimiz davam etdirilməlidir. Ali təhsil müəssisələrindən fərqli olaraq, institutların inkişaf istiqamətləri aparılan elmi tədqiqatlara əsaslanır. Elmi tədqiqatlardan çıxan nəticələr müəyyən dövlət qurumlara təqdim olunur. Ona görə də bu sahədə optimallaşdırmanın aparılması olduqca zəruridir. Artıq bu prosesin hüquqi mərhələsi başlanılıb.

"Gəncləri işə cəlb etmək üçün boş ştatlarımız olmalıdır"

- Əməkdaşların işlə təminatı ilə bağlı hansı tədbirlər görülür? İnstitutda ixtisarların aparılması gözlənilirmi?

- Konkret olaraq ixtisarların aparılması və nə qədər əməkdaşın işdən çıxarılacağı kimi məsələlər nəzərdə tutulmayıb. Qanuna uyğun olaraq, işçilərin işlə təmin olunması məsələsi gündəmdədir. İşçi tutduğu vəzifəyə uyğun olmalı, vəzifəsinə düşən tapşırıqları yerinə yetirməlidir. Bununla əlaqədar ola bilər ki, müəyyən rekonstruksiya işləri aparılsın. Çünki artıq yaşı 65-i keçən, elmi dərəcəsi, elmi adı, həmçinin elmi nəticələri olmayan işçilərimiz var. Daha məqsədəuyğun olardı ki, bu şəxslər özləri nəticə çıxara və iş fəaliyyətlərinə qiymət verərdilər.

Lakin onların əksəriyyəti bu prosesi anlamır və ya anlamaq istəmir. Məhz bu baxımdan, müəyyən tədbirlər görülməli və mərhələli şəkildə cavanlaşdırılma siyasəti aparılmalıdır. Çünki elə potensiallı gənclərimiz var ki, biz onları işə götürə bilmirik. Onları müvafiq işlərə cəlb etmək üçün isə boş ştatlarımız olmalıdır.

- Hazırda neçə işçiniz var?

- Ümumilikdə, hazırda Coğrafiya İnstitutunda 210 ştatımız var. Torpaqşünaslıq və Aqrokimya İnstitutunun isə ştat cədvəlini ilə bağlı heç nə deyə bilmərəm. Yeni təyinatlarla bağlı işlər aparılır. Çox güman ki, yaxın vaxtlarda məsələ öz həllini tapacaq.

- Coğrafiya İnstitutu fəaliyyətini həyata keçirərkən hansı texniki və maliyyə çətinliklərilə üzləşir?

-Texniki baxımdan ciddi çətinliyimiz yoxdur. Son 10 ildə bizə lazım olan bütün avadanlıqlar və digər texniki vasitələrlə təminat yüksək səviyyədədir. Bu baxımdan, bir problem yaşamırıq. Düzdür əməkhaqları az olsa da, bəzi əməkdaşlarımız əlavə gəlir mənbəyi kimi universitetlərdə dərs deyir və layihələrdə iştirak edirlər. Bu, mənim şəxsi fikrimdir, bu barədə bir neçə dəfə görüşlərdə də demişəm ki, layihələr dövlət sifarişi ilə həyata keçirilsə, daha yaxşı olar.

Gürcüstan, Rusiya və Almaniya təcrübəsinə baxsaq, görərik ki, orada layihələr dövlət sifarişi ilə verilir. Yəni, dövlət institutlara konkret layihə üzrə tapşırıqlar verir və həmin layihənin icrası üçün vəsait ayırır. Bu zaman institutlar həmin layihədə maraqlı tərəf qismində çıxış edirlər.

"Biz nazirliklərin layihələrini daha yüksək səviyyədə icra edə bilərik"

- Bəs sizdə bu necə həyata keçirilir?

- Hazırda İnstitut olaraq, elmi hesabatların yazılmasında və bununla bərabər, dövlət proqramlarında yaxından iştirak edirik. Layihələrin hazırlaması prosesi çox çətin və vaxt aparan bir prosesdir. Layihəni yazmaq, işçi qrupunu formalaşdırmaq, maliyyə məsələlərini həll etmək və s. olduqca çox vaxt tələb edir. Əgər dövlət sifarişi əsasında institutlara layihələr verilsə, bu proses daha asan və səmərəli olar.

Fikrimcə, optimallaşdırma əsas etibarı ilə ona görədir ki, dövlət sifarişləri institutlara verilsin və fundamental elmi tədqiqatlar öz tətbiqini tapsınlar. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Müdafiə Sənayesi Nazirliyində sırf bu sahə ilə məşğul olan elmi tədqiqatçı mütəxəssislər ya yoxdur, ya da onların say olduqca azdır. Onların istiqaməti başqa sahəyə yönləndirilməlidir. Biz elmi tədqiqatla məşğul olduğumuza görə onların layihələrini daha yüksək səviyyədə icra edə bilərik. Düzdür, Elmin İnkişafı Fondu, Elm və Təhsil Nazirliyi, SOCAR-dan layihələrimiz olur, işləyirik. Onlar isə büdcə baxımından az olur. İnstitutun bütün əməkdaşlarını layihəyə cəlb edə bilmirik.

Biz istəyirik ki, Coğrafiya İnstitutu inkişaf etsin və tanınsın. Bizdən əvvəlki dövrlərdə çalışan rəhbərlər bu institutu bizə miras qoyub. İnstitutun yarandığı gündən indiyə qədər 8 direktoru olub və onların hər birinin özünəməxsus dəsti-xətti olub. Xəzərşünaslıq, landşaftşünaslıq, su ehtiyatlarının öyrənilməsi, geomorfoloji tədqiqatlar kimi müxtəlif istiqamətlərdə işlər aparılıb. Həsən Əliyev ətraf mühit üzrə cəmiyyət yaradıb. Bu əsasda Coğrafiya İnstitutu bütün respublikada tanınıb. Budaq Budaqov bizim böyük alimlərimizdən biri olub. O, Respublika Ağsaqqallar Şurasının sədri idi. Biz onun rəhbərliyi altında işləyəndə fəxrlə deyirdik ki, Budaq müəllimin yanında çalışırıq.

"Əsas diqqət Xəzər dənizində baş verən coğrafi dəyişikliklərə yönəlib"

- İnstitutda hazırda hansı layihələr və elmi-tədqiqat işləri aparılır? Coğrafiya İnstitutunun əsas elmi fəaliyyəti hansı istiqamətlidir?

- Coğrafiya İnstitutu müstəqillik əldə etdikdən sonra tədqiqat işlərini əsasən iki istiqamətdə aparıb. Birinci əsas istiqamət ölkənin təbii ehtiyat potensialının öyrənilməsi, onlardan səmərəli istifadə yollarının müəyyən olunması, aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi, əhalinin demoqrafik problemlərinin araşdırılması, eko-coğrafi qiymətləndirmənin aparılması, təbii şərait və onun komponentlərinin istehsal sahələrinə cəlb olunmasıdır. Bu, kənd təsərrüfatı, aqrar sənaye, iri sənaye komplekslərinin fəaliyyəti, turizm və rekreasiya zonalarının təşkili, nəqliyyat infrastrukturunun yenidən qurulması və s. sahələri əhatə edir.

Əldə olunan elmi nəticələr dövlət qurumlarına təqdim olunur və dövlət proqramlarına daxil edilir. İkinci əsas istiqamət isə müasir iqlim dəyişmələri ilə əlaqədar tədqiqatlardır. Bu çərçivədə əsas diqqət Xəzər dənizində baş verən coğrafi dəyişikliklərə, səviyyə tərəddüdlərinə, dəniz suyunun azalmasına, sahil xəttinin geomorfologiyasına və s. məsələlərə yönəlib.

Coğrafiya İnstitutu bu istiqamətlərdə elmi tədqiqatlar aparır. Lakin optimallaşdırma ilə əlaqədar olaraq, elmi tədqiqatların nəticələrinin istehsalata cəlb olunması artıq gündəmdə duran prioritet məsələlərdən biri hesab olunur. Həmin tədqiqatların gələcəkdə istehsalatda hansı nəticələr verə biləcəyi araşdırılır. Bu istiqamətdə əldə olunan nəticələr müvafiq Elm və Təhsil Nazirliyinə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, müxtəlif nazirliklərə, icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına təqdim olunur.

"İstənilən vaxt dron əldə edə bilirik"

- Bu yaxınlarda Coğrafiya İnstitutunun 80 illik yubileyində təklif edilmişdi ki, institutun dronu olmalıdır. Bunu xüsusən, Qarabağda aparılan tədqiqatlar üçün vacib olduğu vurğulanır...

- Bizim institut əvvəllər AMEA-nın, hazırda isə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərir. İstənilən vaxt dron əldə edə bilirik, bu baxımdan indiyə kimi heç bir problem yaranmamışdı. Dron sahəsində iki əməkdaşımız artıq təlim keçib. Qarabağa institutumuzun əməkdaşları ezam olunub. Hər şöbə orada öz istiqamətləri üzrə elmi-tədqiqat işləri aparır. Lakin bəzi ərazilər minalanmış olduğu üçün bizə həmin ərazilərə daxil olmaq üçün icazə verilmir. Məsələn, torpaq və su nümunələri götürmək üçün və yaxud mədəni irs abidələrinin fotolarını çəkib fiziki-coğrafi parametrlərini qeydə almaq üçün və s.

Bu tip hallar baş verdikdə məsafədən zondlama və aerokosmik tədqiqat üsullarından istifadə edirik. Bizə lazım olan ərazilərin görüntülərini alırıq və tədqiqatlarımıza davam edirik. Bunun üçün Milli Aerokosmik Agentliyinə müraciət edirik, onlar da ərazinin görüntülərini təqdim edirlər. Aerokosmik şəkillər əsasında ekoloji vəziyyətin qiymətləndirilməsi, torpaqların deqradasiyası və digər coğrafi proseslərin təhlili aparılır.

"Azərbaycan üçün daha çox sürüşmə, sel, daşqın hadisələri gündəmdədir"

- Azərbaycanın təbii və dağıdıcı fəlakətləri fiziki və iqtisadi coğrafi aspektlərdən təhlil olunurmu? Hazırda əsasən hansı təbii fəlakətlər üzərində tədqiqatlar aparılır?

- Coğrafiya İnstitutunda təbii və dağıdıcı fəlakətlərin fiziki coğrafi və iqtisadi coğrafi baxımdan təhlilləri daim aparılır. Yəni, hadisələrin hansı fiziki-coğrafi proses nəticəsində baş verdiyi araşdırılır, eləcə də bu hadisələrin iqtisadi cəhətdən ölkəyə vurduğu birbaşa və dolayı ziyanlar müəyyənləşdirilir. Hazırda Azərbaycanda daha çox sürüşmə, sel və daşqın kimi fəlakətlər gündəmdədir və əsasən bu hadisələr tədqiq olunur. İnstitutun müvafiq şöbələrindən olan mütəxəssislər bu sahədə elmi araşdırmalar aparır.

Azərbaycanda baş verən sürüşmələrin kataloqu hazırlanıb və nəşr olunub. Bu kataloqda həm qədim, həm də müasir sürüşmə zonaları əks olunub, onların hər biri ilə bağlı ümumi məlumat verilib. Sürüşmə əraziləri ilə yanaşı, çökmə hadisələri də ölkə ərazisində tez-tez müşahidə edilir. Xüsusilə yol-nəqliyyat infrastrukturu və bina tikintiləri zamanı torpağın çökmə prosesi baş verir. Bu proseslərin geomorfoloji cəhətdən öyrənilməsi və qiymətləndirilməsi də araşdırmaların əsas istiqamətlərindəndir.

"Bakının köçürülməsi hələlik real deyil, əvvəlcə elmi əsaslandırma lazımdır"

- İranda paytaxtın su qıtlığı səbəbindən köçürülməsi gündəmdədir. Bu məsələ zaman-zaman Bakı üçün də müzakirə olunur. Sizcə, bu nə dərəcədə real görünür?

- İranda paytaxtın köçürülməsi məsələsi müzakirə olunur, lakin bunun səbəbi yalnız su qıtlığı ilə bağlı deyil. Ötən il Monqolustanda bu mövzuda geniş elmi forum keçirildi və orada vurğulandı ki, paytaxtların köçürülməsi ümumiyyətlə təkcə coğrafi proseslər, su çatışmazlığı ilə izah olunmur. Dünyanın bir çox ölkələrində paytaxt şəhərlər həddindən artıq yükləndiyi və infrastruktur davam gətirmədiyi üçün köçürülməsi gündəmə gəlir. Bu təkcə İranın, Azərbaycanın və ya digər ölkələrin problemi deyil.

Məsələn, Türkiyədə paytaxtın İstanbul yox, Ankara olması da demoqrafik yükün paylanması və balanslı inkişaf strategiyası ilə bağlı olmuşdu. Azərbaycanda davamlı inkişaf üzrə 17 prioritet istiqamət müəyyən edilib. Onlardan biri regional demoqrafik siyasətdir. Hazırda əhalinin böyük hissəsi paytaxta cəmlənib, çünki iqtisadi imkanlar, iş yerləri, nəqliyyat infrastrukturu və sosial həyat Bakıda daha cəlbedici görünür. Lakin bu prosesin mənfi tərəfləri də var. Regionlarda əhalinin sayının azalması, qocalma prosesinin sürətlənməsi və s. Bakıda tıxaclar, ekoloji problemlər, tullantıların çoxalması müşahidə olunur. İranda da əsas məsələ su qıtlığı ilə yanaşı, sürətli əhali artımıdır.

Bakı III əsrdə paytaxt olmasa belə yaşayış məskəni idi, paytaxta çevrildikdən sonra urbanizasiya, sənaye və əhali sıxlığı şəhərin sürətlə böyüməsinə səbəb oldu. Bakı şəhərinin köçürülməsi məsələsi 1960-70-ci illərdən müzakirə olunurdu və bu gün də gündəmdədir. Lakin hələ də konkret istiqamət yoxdur: yeni paytaxt hansı ərazidə salınmalıdır, həmin məkanın təbii-coğrafi şəraiti necə olacaq? Ən vacib suallardan biri də əhalinin dayanıqlı su təminatının necə qurulmasıdır. Yeni şəhər elmi əsaslarla seçilmiş regionda yerləşməli, perspektiv inkişaf zonaları əvvəlcədən müəyyən olunmalıdır. Şəhər genişləndikcə planlaşdırmadan kənara çıxılmamalıdır. Bütün bu məsələlər araşdırılıb dəqiq şəkildə müəyyənləşdirildikdən sonra Bakının köçürülməsi barədə düşünmək mümkündür.

"Xəzərə daxil olan təbii su axını azalıb"

- Xəzər dənizinin səviyyəsinin azalması hansı amillərlə əlaqələndirilir və bu dəyişikliklərin əsas səbəbləri nədir?

- Xəzər dənizinin sahilinə baxdıqda aydın şəkildə görünür ki, dəniz xeyli geri çəkilib. Bu hal əsasən iqlim dəyişmələri ilə əlaqələndirilir. Bir neçə ssenari mövcuddur və onlardan biri havada temperaturun 1 dərəcə yüksəlməsi nəticəsində suyun daha çox buxarlanmasıdır. Qeyd etmək lazımdır ki, iqlim dəyişikliyi yalnız temperaturun artması demək deyil.

Küləklərin istiqamətinin dəyişməsi də mühüm amillərdən biridir. Xəzər hövzəsi üzərində yığılan buxar küləklə ərazidən sovrulur və bu da buxarlanma prosesini daha intensiv edir. Digər əsas səbəb isə Volqa çayı üzərində çoxsaylı su anbarlarının tikilməsidir. Bu anbarlar Volqa çayının suyundan daha geniş istifadə edilməsinə səbəb olub və nəticədə Xəzərə daxil olan təbii su axını azalıb. Bu isə dənizin səviyyəsinə birbaşa təsir göstərən mühüm ekoloji problemdir.

- İnstitutun tibbi coğrafiya şöbəsi hansı araşdırmalar aparır və Azərbaycanda onkoloji xəstəliklərin yaranması və yayılmasında coğrafi mühitin təsiri nə qədərdir?

- 2016-cı ildə Coğrafiya İnstitutunda bir neçə yeni şöbə yaradılıb və onlardan biri də tibbi coğrafiya şöbəsidir. Bu şöbənin əsas elmi tədqiqat istiqaməti təbii mühitin insan sağlamlığına təsirinin araşdırılmasıdır. Aparılan ilkin tədqiqatlar əsasən onkoloji və ürək-damar xəstəlikləri ilə bağlı olub. Şöbə tərəfindən toplanan məlumatlar və aparılan təhlillər göstərib ki, bu xəstəliklərin yayılmasında və ölüm hallarının sayında artım müşahidə edilir. Periodik dövrlərlə təkrar edilən tədqiqatlar xəstəliklərin fazalarının və yayılma dinamikasının dəyişdiyini ortaya çıxarır. Xüsusilə də son illərdə bu sahədə yüksələn tendensiya qeydə alınıb.

Araşdırmalar Azərbaycanın müxtəlif iqtisadi-coğrafi rayonları üzrə aparılır. Koronavirus pandemiyası dövründə ölüm hallarının əksəriyyəti ürək-damar sisteminin dayanması ilə əlaqələndirilib və bu dövrdə statistik göstəricilərdə ciddi artım müşahidə olunub. Hazırda bu tendensiyanın nisbətən zəiflədiyi qeyd olunur. Tədqiqatlar həmçinin təbii-coğrafi amillərin, xüsusilə su mənbələrində yod çatışmazlığının insan sağlamlığına təsiri kimi spesifik məsələləri əhatə edir. Bu istiqamətdə aparılan araşdırmalar regionlar üzrə sağlamlıq risklərinin müəyyən edilməsində mühüm rol oynayır.

- Azərbaycan regionlarının coğrafi və ekoloji vəziyyəti ilə bağlı hansı tədqiqatlar aparılır?

- Azərbaycan regionlarının coğrafi və ekoloji vəziyyəti ilə bağlı tədqiqatlar Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsi tərəfindən aparılır. İnstitutun fəaliyyətə başladığı dövrdən bu günə qədər müxtəlif istiqamətlərdə coğrafi şəraitin, ətraf və təbii mühitin öyrənilməsi sahəsində elmi-tədqiqat işləri həyata keçirilib. Hazırda şöbənin əsas tədqiqat istiqamətlərindən biri meşə sahələri ilə bağlıdır. Meşə sahələrinin ekoloji vəziyyəti, meşələrin seyrəlməsi və bunun səbəbləri öyrənilir. Digər istiqamət isə magistral avtomobil yolları boyunca nəqliyyat vasitələrinin yaratdığı səs-küy rejiminin müəyyənləşdirilməsidir. Bu səs-küyün insan sağlamlığına mümkün təsirləri araşdırılır. Artıq müəyyən elmi nəticələr əldə olunub və bu nəticələr Səhiyyə Nazirliyi ilə yanaşı, Elm və Təhsil Nazirliyinə də təqdim edilir. Keçən il Bakı–Sumqayıt magistralı və Şimal nəqliyyat dəhlizi boyunca tədqiqatlar aparılıb. Bu il isə Şəki şəhərinin mərkəzi küçələrində oxşar elmi ölçmələr və müşahidələr həyata keçirilib. İlin sonunda bu tədqiqatların nəticələri yekunlaşdırılaraq təqdim ediləcək.

- Ali təhsil müəssisələri ilə əməkdaşlığınız hansı istiqamətləri əhatə edir və hazırda universitetlərlə birgə hansı layihələr, elmi tədqiqatlar və mübadilə proqramları həyata keçirilir?

- Ali təhsil müəssisələri ilə əməkdaşlığımız yüksək səviyyədədir. Həm Azərbaycanın, həm də xarici ölkələrin ali təhsil ocaqları ilə geniş əlaqələrimiz mövcuddur. Azərbaycanda coğrafiya ixtisası tədris olunan bütün universitetlərlə həm Bakıda, həm də regionlarda olan universitetlərlə sıx əməkdaşlıq edirik. Məsələn, BDU, ADPU və ATMU ilə əlaqələrimiz xüsusilə güclüdür. Bəzi universitetlərdə institutumuzun mütəxəssisləri seminarlar və mühazirələr deyir, eyni zamanda müxtəlif mövzularda çıxış etmək üçün tez-tez dəvət alırlar. Türkiyə, Qazaxıstan, Rusiya universitetləri və Almaniyanın Gissen Universiteti ilə birgə layihələrimiz və tələbə mübadiləsi proqramlarımız mövcuddur.

Bu il ərzində 9 doktorantımız Almaniyada elmi təcrübə keçib, ardınca Almaniyadan 6 tələbə institutumuzda təcrübə proqramında iştirak edib. Mübadilə çərçivəsində ekspedisiyalar da təşkil olunur. Bu ekspedisiyalar həm bizim tədqiqatların həyata keçirilmə üsulunu nümayiş etdirmək, həm də tərəfdaş ölkələrin təcrübəsini öyrənmək baxımından çox əhəmiyyətlidir. Bu proqram vasitəsilə Özbəkistandan bir, Qazaxıstandan isə iki tələbəni qəbul etmişik. Avstraliyadan gələn əməkdaşlarımız isə aerokosmik məlumatların deşifrələnməsi üzrə 5 günlük təcrübə keçiblər. Qazaxıstanla geniş elmi əməkdaşlığımız mövcuddur və bir sıra birgə tədqiqatlar aparırıq. Yay aylarında 14 günlük birgə ekspedisiyanın keçirilməsi planlaşdırılır.

Keçən ay mən və əməkdaşımız Elnur Səfərov Çində 15 günlük təcrübə proqramında iştirak etdik. Dünyanın müxtəlif ölkələrindən ümumilikdə 30 nəfərin qatıldığı ekspedisiya çərçivəsində elmi hesabat hazırladıq və yalnız hesabatı uğurla təqdim edən iştirakçılar sertifikata layiq görüldülər. Biz də həmin sertifikat əldə edənlər arasında olduq. Elmi əlaqələrimiz çox genişdir. Gürcüstanın Coğrafiya İnstitutları ilə də sıx əməkdaşlıq edirik. Bir neçə birgə layihə həyata keçirmişik və əməkdaşlarımız Gürcüstanda çöl tədqiqatlarında iştirak ediblər.

Mart ayında Türkiyədən Kür və Araz çayları ilə bağlı tədqiqat aparan bir mütəxəssis institutumuza gəlmişdi. Onun təklifinə əsasən Türkiyə, Gürcüstan və Azərbaycan arasında çayların su sərfi, ekoloji axını və bioloji ehtiyatları üzrə birgə araşdırmalar aparılması nəzərdə tutulurdu. Lakin maliyyə çətinlikləri səbəbindən bu layihə üzrə müsbət cavab ala bilmədik. Bu yaxınlarda Gürcüstan Coğrafiya İnstitutu ilə memorandum imzalamışıq. Bu əməkdaşlıq çərçivəsində 2026-cı ildə iki institut arasında Kür çayının ekoloji vəziyyətinin qiymətləndirilməsi üzrə birgə layihənin icrası planlaşdırılır.

FOTO: Elnur Muxtar