BAKI, 17 oktyabr. TELEQRAF
"BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dünyanın müxtəlif bölgələrində insan fəaliyyəti və təbii fəlakətlər nəticəsində yaranmış vəziyyətlərdə işləyib. Azərbaycanda güclü liderliyə əsaslanan aydın bir baxış, analitik təhlil üzərində qurulmuş hərtərəfli planlaşdırma və bu planların icrası müşahidə olunur".
Bu barədə Teleqraf-a açıqlamasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) regionlararası məsləhətçisi Katya Şefer bildirib.
O qeyd edib ki, Qarabağda müstəsna şəraitdə hər addımdan öyrənmək və uyğunlaşmaq bacarığı mövcuddur:
“Düşünürəm ki, bu yanaşma digər ölkələr üçün də qlobal öyrənmə nümunəsi ola bilər".
Katya Şefer əlavə edib ki, “UN-Habitat” dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün “Yeni Şəhərsalma Gündəliyi”ni əsas vasitə kimi təşviq edir:
“Azərbaycan bu yanaşmanı tam şəkildə mənimsəyir. Əslində, çox vacib məsələ budur ki, Qarabağda aparılan bərpa və yenidənqurma işləri ölkə üzrə balanslaşdırılmış inkişaf konsepsiyası ilə necə uzlaşır. "Yeni Şəhərsalma Gündəliyi" milli şəhərləşmə siyasətinin bu balanslaşdırılmış inkişaf aspektlərini özündə əks etdirməsini tövsiyə edir. Bu, həm uyğun şəhər qanunvericiliyinə, həm də şəhər planlaşdırması və dizaynına diqqət yetirilməsini nəzərdə tutur.
Əlbəttə, maliyyələşdirmə tərəfi də çox önəmlidir - yəni hazırlanan planların icrasını dəstəkləmək və həyata keçirməyi təmin etmək. Planların icrasından öyrənmək və həmin təcrübə əsasında gələcək siyasətləri formalaşdırmaq da vacibdir.
Düşünürəm ki, Azərbaycan bu sahədə yaxşı nümunələr göstərir".