BAKI, 9 oktyabr. TELEQRAF

"2020-ci il Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı yeni imkanlar yaradılıb".

Teleqraf xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, itkin düşmüş və girov götürülmüş şəxslərin yaxınlarından alınan bioloji nümunələr məlumat bankına toplanıb:

"2022-ci ildə dövlət büdcəsindən pul ayrıldı və DTX-nin Hərbi-Tİbb baş İdarəsində Genetik Araşdırmalar Mərkəzi ən müasir avadanlıqlarla təchiz olundu. 2022-ci ildən bioloji nümunələr Genetik Araşdırmalar Mərkəzində cəmləşdirildi. Müharibədən sonra kütləvi məzarlıqlardan çıxan skletlərdən götürülmüş bioloji nümunələr də mərkəzə təhvil verilib. Son dövrlər bu sahədə çox ciddi nəticələr alınıb".

Rüfət Əliyev qeyd edib ki, DTX-nin Hərbi-Tibb Baş İdarəsi son itkin düşmüş şəxsin kimliyi müəyyən olunan qədər bu məsələ ilə məşğul olacaq.