BAKI, 12 dekabr. TELEQRAF

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub. Tədbirlərdə Ulu Öndərin şərəfli ömür yolundan və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım tədbirlərində Ulu Öndərin ölkəmizin hərbi, siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, əvəzsiz xidmətləri minnətdarlıq hissi ilə yad edilib.

Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu, ordu quruculuğu prosesinin qanuni əsaslarla həyata keçirildiyi diqqətə çatdırılıb.

Tədbirlərdə çıxış edənlər bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttinin onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar böyük maraq və alqışlarla qarşılanıb.

Silsilə tədbirlər zamanı, həmçinin şəxsi heyət üçün dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan muzeylərə ekskursiyalar təşkil olunub.