BAKI, 19 avqust. TELEQRAF

Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi səbəbindən 2022-ci ildə fasilə verilən gəmi gəzintiləri 2024-cü ilin noyabrında bərpa edilib.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin Teleqraf-ın sorğusuna verdiyi cavabda bildirilib.

Məlumatda deyilir ki, 2024-cü ildə aparılan batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri nəticəsində gəmilərin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyən olunub. Bundan sonra ötən ilin 1 noyabr tarixindən “Mirvari” gəmisi yeni marşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən fəaliyyətə başlayıb.

Həmçinin, istismar xərclərinin artmasına baxmayaraq, gəminin fəaliyyəti bərpa ediləndə qiymətlərin artırılmayıb, 2016-cı ildə müəyyən edilmiş tariflər saxlanılıb.

Qiymətlər gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manatdır.

"450 nəfərlik tutuma malik olan “Mirvari” gəmisi mövcud tələbata uyğun olaraq fəaliyyət göstərir. Sərnişin sayının daha da artacağı və tələbatın yüksələcəyi təqdirdə, eyni zamanda gəmilərin təhlükəsiz hərəkəti üçün mövcud texniki şərtlər imkan verəcəyi halda, gələcəkdə gəmilərin sayının artırılması nəzərdən keçiriləcək", - İdarədən bildirilib.

Hazırda gəmi biletləri gəminin dayanacaq ərazisində fiziki şəkildə satılır. Onlayn bilet satışının təşkili istiqamətində də işlər aparılır.