BAKI, 8 iyul. TELEQRAF
Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş verən partlayışda yaralananların vəziyyəti ağırdır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, iyulun 7-də saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
1980-ci il təvəllüdlü (qadın cinsli), 2010-cu il təvəllüdlü (kişi cinsli), 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxslərə müxtəlif bədən üzvlərinin çoxsaylı yanığı diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.