LƏNKƏRAN, 8 iyul. TELEQRAF
72 yaşlı Sərhad Feyziyevi Cənub meşələrinin "Pələng adam" adlandırırlar.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, Lənkəranın Daştatük kənd sakini, 72 yaşlı Sərhad Feyziyev qeyri-adi çevikliyi və fiziki bacarığı ilə tanınır. O, bu yaşında belə meşədəki ən hündür ağaclara rahatlıqla çıxır, hətta bir ağacdan digərinə keçməkdən çəkinmir. Elə bu səbəbdən kənd sakinləri onu Cənub meşələrinin "Pələng adam”ı adlandırırlar.
Sərhad kişinin sözlərinə görə, bu bacarıq uşaq yaşlarından meşədə böyüməsi və uzun illər meşəbəyi kimi çalışması nəticəsində formalaşıb:
“Meşədə qoz ağacları çox idi. Bizə plan verilirdi – hər meşəbəyi 5-6 ton qoz yığıb təhvil verməliydi. Fəhlə tapmaq çətin olurdu, hər adam da ağaca çıxmazdı. Mən də özüm çıxardım, yığardım, daşıyardım, qurudub təhvil verərdim. Bu vərdiş illərlə məndə qaldı”, – deyə Sərhad Feyziyev xatırlayır.
S.Feyziyevin zaman-zaman ağacdan yıxılıb xəsarət aldığı anlar da olub. Amma bu hadisələr onu bu işdən çəkindirməyib. Əksinə, o bacarığını kəndlilərin xeyrinə də istifadə edir. Belə ki, hündür ağaclarda pöhrə salan arı ailələrini götürmək lazım gəldikdə kənd sakinləri ilk olaraq onun köməyinə üz tuturlar.
Sərhad Feyziyev bu gün də meşə ilə nəfəs alır. Fiziki çevikliyi, təbiətə bağlılığı və inadkarlığı ilə o, bölgənin tanınan simalarından birinə çevrilib. Yaşına baxmayaraq, hələ də öz vərdişindın əl çəkmir.