BAKI, 22 iyun. TELEQRAF
1934-cü ilin payızında Türkiyənin bir aktyor heyəti o zamanlar Şura Ermənistanı adlanan Qərbi Azərbaycan torpaqlarında konsert proqramı ilə iştirak edib. Böyük anşlaqla keçən bu tamaşalara Qərbi Azərbaycanla yanaşı Gəncədən və digər yerlərdən gələn azərbaycanlılar da ciddi maraq göstəriblər. Türkiyə arxivlərində gizliliyi götürülən yeni sənədlərdən aydın olur ki, bu tamaşaya baxmaq üçün azərbaycanlılar böyük canfəşanlıq ediblər. Bu tamaşanın necə baş tutması barədə Türkiyənin Leninakan (Gümrü) konsulu Səlahəddin Nüsrət bəyin xariciyyə vəkalətinə (xarici işlər nazirliyinə) göndərdiyi gizli mahiyyətli sənəddə geniş məlumat mövcuddur.
.jpg)
17 dekabr 1934-cü ildə göndərilmiş raportun girişində yazılıb: “Keçən sentyabr ayında Qarsda olduğum ərəfələrdə artist Ərtoğrul Səadətdin bəyin Türk Akademi Teatrı adlı heyəti ilə qarşılaşdım və tamaşalarında iştirak edərək qadir artistlər olduqlarını gördüm. Mütəmadi olaraq əleyhimizə qaldırılan buradakı əcaib xalqa bir az sülh duyğularını oyandırmaq və xüsusilə milli ideala yararlı olmaq istək və düşüncəsi ilə adını çəkdiyim türk artist heyətini Leninakan Dövlət Teatrında oynamalarını düşündüm. Qars Sovet konsulunun bu xüsusdakı dəlalətini istədim. O, asanlıq və nəzakət göstərərək artistlərin Şura Ermənistanında on beş gün qalmalarına və tamaşa göstərmələrinə dərhal icazə verdirdi. Burada bu kimi nəzakətlə qarşılanmaq alışdığımız hal olmadığı üçün konsulun bu hərəkəti həm şükran duyğularını, həm də sayıqlığı oyatdı. Dörd qadın və altı kişidən ibarət olan heyətimizə gözəl bir istiqbal hazırlatdım. Qırxdan çox məhəlli artistlərdən böyük bir qismi, məhəlli hökumətin baş katibi ilə maarif müdiri tərəfindən qarşılandılar. Eyni gündə sovet və türk artistlərinin şərəfinə qırx nəfərlik bir banket verərək yerli hökumət ərkanından bəzilərini də dəvət etdim. İki məmləkətin dostluğu haqqında çox hərarətli nitqlər söyləndi”.

Bu toplantıda Səlahəddin bəy türk teatrının müxtəsər tarixi haqqında məlumat verib, Cümhuriyyət Türkiyəsinin mədəni inqilabları çərçivəsində teatra verilən əhəmiyyətdən danışıb: “Cahil xocaların təəssübü və Osmanlı padşahlarının zülmü türk millətinin hər cür mədəni tərəqqidən məhrum etdiyi kimi inqilabların ən qüvvətli silahlarından biri olan teatrın da canlanmasına mane olmuşdu. Türk teatrının və digər mədəni və insani işıqlarımızın canlanma tarixi cümhuriyyət idarəçiliyinin qurulduğu gündür. Buna görə də türk teatrı on bir yaşında bir uşaqdır və bu uşağın səhnənizdə edəcəyi xətalardan dolayı indidən əfvinizi diləyirəm”.
Konsul bu təvazökar sözlərin erməni dinləyiciləri çox sevindirdiyini gördüyünü də qeyd edib. Ardınca heyətin repertuarını necə təşkil etdiyi barədə məlumat verib: “Ərtoğrul Səadətdin bəyin göstərdiyi repertuardan sovet idarəçilərinin xoşuna gələcək və eyni zamanda milli təbliğatımıza xidmət edə biləcək pyesləri axtardım. Mövzusu zati-aliləriniz tərəfindən də bilinən Şekspirin “Hamlet”ini və türk qadınının fədakarlıq və dürüstlüyünü təmsil edərkən böyük sərmayələrin əleyhində olan Nədim bəyin “Kor” adlı tragediyası ilə Osmanlı səltənət dövrünün gülünc adətlərini göstərən “Vyanaya bir səyahət” adlı komediyanı münasib görərək bunların oynanılmasını rica etdim. Səadətdin bəy siyasi və idari direktivlərin dairəsində hərəkət etdi. Birinci və ikinci tamaşa “Hamlet” oldu. Şekspirin bu çətin tragediyasını müvəffəqiyyətlə oynadılar. Bu pyesi Leyspiq və Lozannada gördüyüm cəhətilə iftixarla ərz edə bilərəm ki, bizimkilər Mərkəzi Avropa səhnə sənətkarlarının iqtidarına xeyli yaxınlaşmış bir vəziyyətdədirlər. Səadətdin bəy Hamlet rolunu böyük qüdrətlə icra etdi”.
.jpg)
Raportda Ofeliya rolunu Suat xanımın oynadığını, 4 tamaşada da altı yüz nəfərlik salonda boş yer olmadığı bildirilib.
“Tiflisdən və Gəncədən gələn irqdaşlarımızın axın etdilər”
Leninakan konsulu raportunda mühüm bir qeyd də verib. Bu, Türkiyədən gələn sənətçilərə Şura Ermənistanında yaşayan türklərlə yanaşı Gürcüstan və Azərbaycandan olan axınla bağlıdır. “Vayanaya bir səyahət” komediyasının və dördüncü gecə oynanılan “Kor” adlı türk tragediyasının böyük rəğbət oyandırdığını yazan konsul yerli türklərin bu tamaşalara olan marağını belə ifadə edib: “Ətrafdakı sovet türk kəndlərindən, hətta Tiflis və Gəncədən xəbər tutub gələn irqdaşlarımız bir axın halını almışdı. Xüsusilə o gecə üçün yerlilərə yer qalmamış kimi idi. Bu son gecədə teatr binasına girərkən iyirmi nəfərə yaxın bir türk kəndli qafiləsinin teatr kassası önündə toplanaraq özlərinəməxsus məsum bir səslə bağırdıqlarını gördüm: “Nə qədər pul istəyirsiniz verək, Allah eşqinə, buraxın, onlar bizim qardaşlarımızdır, son bir dəfə də görək...”. Bu son cümlənin ağrılı təsirləri Babıali siyasətinin bizə buraxdığı əsəri xatırladırdı”.
Konsul heyətin göstərdiyi tamaşanın uğurunu tarixi bir fikirlə ifadə edib: “Türk fikir və qələmindən çıxan bu tragediyaya türk lisanı və səsinin zərafət qüdrəti qatılınca bu təmsil əlləri qanımızla bulaşmış olan bəzi məruf erməni çətəcilərini belə ağlada bilmişdi. Bu son tamaşada Tiflis və İrəvan Kommunist Firqəsi rəislərin bir çoxu iştirak edirdi. Səhnədə xəyali bir tragediya oynanılarkən arxa sıralardakı irqdaşlarımızın ürəyində milli bir tragediyanın oynandığı qulağımızda əks edən iniltidən anlaşılırdı”.

“Var ol böyük Mustafa”
Raportda konsul son tamaşa bitdikdən sonra açılan bir pərdə üzərində “Yaşasın Sovet-türk dostluğu. Türk teatr heyəti ürəkdən salam və vida eylər” yazısının olduğunu bildirib. Raportda bu anın təsviri də mövcuddur. Səlahəddin bəy raportunda çox həyəcanlı bir səhnədən də bəhs edib. Tamaşada iştirak edən yerli türklərin, yəni qərbi azərbaycanlıların türk bayrağına olan sevgisindən belə bəhs edib: “Əvvəla sovet qadını bayrağını daşıyaraq səhnəyə girdiyində qırmızı bayraq alqışlandı və həm də çox alqışlandı. Fəqət onu təqib edən Suat xanımın qolları arasında ay-ulduzun görünməsi ilə bir fəryad qopdu. Öz türk ləhcələri ilə söylənən kəlmələr anlaşılmırdı. Gurultunun lehimizdə, yoxsa əleyhimizdə olub-olmadığını təqdir edincəyə qədər bir neçə saniyə titrədim. Fəqət yavaş-yavaş təfriq edilən kəlmələrdən “Yaşasın atamız Mustafa Kamal”, “var ol böyük Mustafa”, “Çox yaşa Şərqin atası” cümlələrinin söylənildiyi anlaşılırdı. Əcaib olan tərəfi erməni xalqının da bu gurultuya sürüklənərək öz dillərində eyni cümlələri tələffüz etməsi idi. Artistlərə xitab deyil, bir kəlmə belə söyləmək imkanı yoxdu. Qəlbin hisslərinə nə protokol nəzakəti, nə də QPU-nun zindanları hakim ola bilmirdi. Gurultuya xitam vermək icab edirdi, buna da ancaq ay-ulduzun tarixi qürur və gözəlliyini xalqın gözündən ayırmaqla qabildi və səhnə pərdəsi qapatdırıldı”.

Türk heyət İrəvanda
4 noyabr 1934-cü ildə heyət İrəvana doğru yola düşüb. Türkiyənin İrəvan konsulunun müavini Şərəf Yılmaz bəy heyətlərini böyük ehtiramla qarşılayıb. Heyətə ağ-qırmızı qurdələlərlə bağlanmış otuzdan çox buket verilib. Bolşevik rejimi xalqın göstərdiyi bu ehtiramdan narahat olub. Səlahəddin bəy raportunda yazıb: “İrəvanda qalan beş-altı min türkün və təbliğata aldanaraq yurdumuzdan gələn erməninin belə türk artistlərinə göstərdikləri canlı münasibət oradakı gizli təşkilatı narahat etmişdi və siyasi oyunlarla bir neçə gün heyətin tamaşalarına mane olmaq istədilər. Bu vəziyyəti görən Şərəf bəy erməni hökumət orqanlarını şübhələrdən qurtarmaq nəzakəti göstərərk artistlərimizin bir an əvvəl İrəvanı tərk etmələrini müansib gördü. İrəvanda tamaşa göstərməyərək Təbrizə getdilər”.
Leninakan konsulunun raportu bu şəxsin geniş dünyagörüşə malik olduğunu göstərir. Çünki raportunun sonunda mühüm bir məqama diqqət edib. O, Bismarkın “təbliğatın ən qüvvətli silahı musiqi ilə teatrdır” fikrini sitat gətirərək bu heyətlər vasitəsilə Türkiyə xaricində yaşayan milyonlarla türklə canlı əlaqələrin qurulmasının mümkünlüyündən bəhs edib.
.jpg)
Raportunun sonunda konsul türk heyətinin göstərdiyi tamaşanın erməni mətbuatında necə əks-səda doğurduğuna dair nümunələr də təqdim edib. Məsələn, “Horortayın Hayestan” qəzetinin 5 noyabr 1934-cü il tarixli sayında Səadətdin bəyin bu fikirlərinə yer verilib: “Biz İrana gedirdik, Türkiyə konsulunun təklifi üzərinə bir neçə gün Leninakanda qaldıq. Bizi burada çox məhəbbətlə qarşıladılar. Birinci gün yenə konsul bəyin dəlaləti ilə Ermənistan Dövlət İkinci Teatr artistləri ilə tanış olduq. “Xain və eşq” ilə “Məhkəmə” tamaşalarında iştirak etdik, çox məmnun qaldıq. Rejissor Əcəmiyan çox ali bir məsləkdaşdır. Noyabrın 1-də heyətimiz Şekspirin “Hamlet” tragediyasını oynadı. İrəvanda da üç tamaşa vermək niyyətindəyik, ondan sonra İrana gedəcəyik”.
Digər bir qəzet materialından heyətin Leninakana 27 oktyabr 1934-cü ildə gəldiyi qeyd edilib. Səadətdin bəyin Türk Akademi Heyətində bu artistlərin olduğu yazılıb: Suad, Nəriman, Fikriyyə, Leyla xanım, Sadiq, Məhəmmədəli, Vədat, Səzai və Tağı bəy. Xəbərdə Səadətdin bəyin 4 il əvvəl Bakıda olduğunu və “Bakinski Raboçıy” qəzetində haqqında müsbət yazıların verildiyi bildirilib.
Göründüyü kimi türk teatr xadimlərinə Qərbi Azərbaycanda yaşayan türklərin göstərdiyi maraq rusların Sovet İttifaqının qurulmasından 15 il sonra da bölgədə türklük hissini məhv edə bilmədiklərini göstərməkdədir.