BAKI, 17 dekabr. TELEQRAF

18 Dekabr - Beynəlxalq Miqrant Günü ərəfəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinə və Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirib.

Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, sənədləşmənin aparılması vəziyyətinin, eləcə də əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinə başçəkmə zamanı müəssisənin binalarına, tibb məntəqəsinə, yeməkxana və digər obyektlərinə baxış keçirilib, mərkəzdə saxlanılan bir qrup miqrant qəbul edilərək, konfidensial qaydada dinlənilib. Mərkəzdə əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş bir sıra çatışmazlıqların aradan qaldırıldığı, həkim və psixoloqun fəaliyyətinin təmin olunduğu, tibbi xidmət və psixoloji işin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görüldüyü müşahidə edilib.

Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə başçəkmə zamanı əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin nəzərə alındığı, vakant olan həkim ştatına təyinat aparıldığı, psixoloq otağının əyani-didaktik materiallarla təchiz olunduğu, daşınma üçün istifadə olunan avtomobildə videonəzarət sisteminin işlək vəziyyətə gətirildiyi, yaşayış otaqlarının sanitar təmizlənməsinin müntəzəm olaraq təmin olunduğu müəyyən edilib.

Başçəkmələrin yekununda müvafiq müəssisələrin rəhbərliyi və əməkdaşları ilə milli və beynəlxalq qanunvericilik əsasında miqrantların hüquqlarının daha effektiv təmini ilə bağlı maarifləndirici söhbətlər aparılıb, sənədləşmənin aparılması işinin və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.